Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 16-da Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirak edən ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb.
İdman.Biz Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanda idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb.

Ölkədə bu sahədə yaradılan müasir idman infrastrukturu və Azərbaycan paralimpiyaçılarının beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verilib.
Milli Paralimpiya Komitəsinin 30 illik fəaliyyəti ərzində Azərbaycan idmançılarının mühüm uğurlara imza atdığı diqqətə çatdırılıb.
Görüş zamanı beynəlxalq və milli paralimpiya komitələri arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq paraidman yarışlarının təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
