Bakıda “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir - FOTO

Xəbərlər
30 Noyabr 2023 10:57
241
Bakıda “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir - FOTO

Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “İdman elmlərinin inkişafında müasir tendensiyalar” mövzusunda keçiriləcək II beynəlxalq elmi konfrans öz işinə başlayıb.

İdman.biz xəbər verir ki, konfransın əsas məqsədi idman elmlərində müasir nəzəriyyələri, yeni tendensiyaları müzakirə etmək, idmanla bağlı müxtəlif sahələrin təmsilçiləri arasında fənlərarası fikir mübadiləsi aparmaqdır.

Tədbirin açılışında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, parlamentin Gənclər və İdman Komitəsinin üzvü Ülvi Quliyev çıxış ediblər.

Tədbirin ölkəmizdə təşkilinin əhəmiyyətli addım olduğunu vurğulayan natiqlər konfransın işinə uğurlar arzulayıblar.

Konfransda respublikamızın bədən tərbiyəsi və idman sahəsindəki görkəmli mütəxəssisləri ilə yanaşı, Böyük Britaniyanın London Kollec Universitetinin (UCL), London İmperial Kollecinin, Portsmouth Universitetinin, Keele Universitetinin, Belqrad Universitetinin və digər ali məktəblərin ASAPES-in də tədris prosesinə cəlb edilmiş professor heyəti iştirak edir.

Maykl Pol Luzmor, Paulina Mariya Kloskovska, Amanda Ceyn Pinkney, Kolin Raymond Gibson, Denis Remedios, Endryu Len, Con Pol Bakli, Roman Yahoda, Bryus Paton kimi beynəlxalq səviyyədə tanınmış mütəxəssislər öz bilik və təcrübələrini konfrans iştirakçıları ilə bölüşmək üçün ölkəmizə gəliblər.

Açılış hissəsindən sonra konfrans idman psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ kimi istiqamətləri üzrə aktual mövzularda məruzələrlə davam edib.

Qeyd edək ki, konfrans dekabrın 1-də idman elminin müxtəlif sahələrini əhatə edən praktiki təqdimatlar və müzakirələrlə ASAPES-də davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz