İdmanla məşğul olanlar arasında geniş istifadə edilən kreatinin təsirləri ilə bağlı maraqlı açıqlamalar verilib.
İdman.Biz xəbər verir ki, qida əlavələri üzrə mütəxəssis Sento Seqarra kreatinin həm müntəzəm idmanla məşğul olan həvəskar və peşəkarlar, həm də koqnitiv fəaliyyətini yenidən aktivləşdirmək istəyən insanlar üçün təsirlərindən danışıb.
“Tengo un plan” podkastına müsahibəsində mütəxəssis kreatinin faydaları ilə bağlı deyilənlərin şişirdilmiş fikirlər olmadığını vurğulayıb və onu “xalis dəyər” adlandırıb.
Kreatin qəbul edərkən niyə daha güclü görünürsünüz?
Seqarra kreatinin insanın xarici görünüşünə təsirini izah edib və bəzi insanların onu qəbul etdikdən sonra güzgüdə özlərini niyə daha güclü gördüklərinə aydınlıq gətirib.
“Siz dopinq qəbul etmirsiniz. Kreatin idman zalına gedən insanların əzələlərinin daxilində bir qədər çox su saxlamasına səbəb olur və əzələ daha həcmli görünür. Buna görə özünüzü daha güclü görürsünüz”, - deyə o bildirib.
Kreatin tərəzidə çəkinin müəyyən qədər artmasına da səbəb ola bilər. Lakin mütəxəssisin sözlərinə görə, bu artım nəzərəçarpacaq səviyyədə deyil:
“Bir qədər artıq çəki göstərə bilərsiniz, amma bu, çox deyil. Yetərincə su qəbul etməlisiniz, çünki həmin su haradansa gəlir - qan dövranından çıxaraq əzələdə toplanır və sizə həmin əzələli görünüşü verir”.
Kreatin necə işləyir? “Bu, sürətli enerji yükləməsidir”

Sento Seqarra kreatinin idman zallarında geniş yayılmasının 1990-cı illərə təsadüf etdiyini xatırladıb:
“O zaman yalnız kişilər üzərində təcrübələr aparılırdı, çünki məqsəd əzələli olmaq idi. Doğrudur ki, kreatin performansı yaxşılaşdırır. Əzələlərimiz enerji sərf edir və bədəndə enerji ATP adlanan molekuldur. Maksimum sadələşdirsək, ATP bir fosfat itirdikdə enerji ayrılır”.
Mütəxəssis ATP-nin enerji sərf etdikdən sonra baş verən prosesi batareya nümunəsi ilə izah edib:
“Fosfatı itirdikdə ona ADP deyilir. Bu, boşalmış batareya kimidir, artıq heç nəyə yaramır. Baş verməli olan isə onun yenidən enerji ilə doldurulmasıdır”.
Seqarra orqanizmin bu enerjini yenidən əldə etməsinin iki yolunun olduğunu bildirib:
“Bu, qlükoza istehlakı ilə baş verə bilər və ya birdən kreatin meydana çıxır. Onun fosfatı var və onu yenidən ATP-yə ötürür. Deyək ki, bu, sürətli enerji yükləməsidir”.
Kreatinin beyin üçün faydaları
Sento Seqarra kreatinin yalnız əzələlərə deyil, koqnitiv fəaliyyətə də təsir göstərdiyini bildirib.
“Əzələlərdə baş verdiyini bildiyimiz bu prosesin beyində də baş verdiyini bilirik. Çox ciddi yaxşılaşma verir. Gənclərdə bu, yaşlı insanlardakı qədər yaxşı işləmir. Gənclərin kreatin ehtiyatları daha doludur. Əgər bir şey artıq doludursa, üstünə əlavə etsəniz də həmin yaxşılaşmanı əldə edə bilməyəcəksiniz”.
Onun sözlərinə görə, yaşlı insanlarda vəziyyət fərqlidir:
“Amma ehtiyatı yarıya qədər olan yaşlı insanda... Siz bir oyanış, sürətli enerji, həmin qığılcımı əldə edirsiniz”.
Hansı kreatini almaq lazımdır?

Qida əlavələri üzrə mütəxəssis kreatin seçərkən diqqət edilməli əsas məqamları da açıqlayıb. Seqarra kreatinin monohidrat formasına üstünlük verilməli olduğunu vurğulayıb:
“Kreatin monohidrat olmalıdır. Üzərində “Creapure” möhürü varsa, daha yaxşı. “Creapure” möhürü mütləqdirmi? Əgər etibarlı brenddirsə, bəlkə də qiymət fərqinə dəyməz. Elit idmançısınızsa, “Creapure” seçin, çünki bununla xoşagəlməz sürprizlərdən qaçacaqsınız”.
Seqarra “Creapure”un əsas üstünlüklərindən birinin məhsulun təmizliyinə verilən təminat olduğunu bildirib:
“Bu, mənə 99 faiz təmizlik və bir sıra başqa məsələlərdə zəmanət verir, amma qiymət fərqi həddindən artıq böyükdür”.
