Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçu Emil Hüseynovun qətlinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüşçü Tiqran Çiçakyan yenidən saxlanılıb.
İdman.Biz Rusiya mediasına istinadən xəbər verir ki, 30 yaşlı Tiqran avqustun 7-də saxlanılıb. Cinayət işində onunla birlikdə 33 yaşlı kişi də iştirak edib. Onlar bir qrup şəxs tərəfindən zor tətbiq etməklə və tamah məqsədilə adam oğurlamaqda ittiham olunurlar.
Sverdlovsk Məhkəməsindən verilən məlumata görə, Kamensk-Uralskinin Sinarski Rayon Məhkəməsi istintaqın vəsatəti əsasında hər iki şəxsin həbsinə qərar verib. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin “a”, “v”, “j” və “z” bəndləri ilə ittiham olunurlar.
Tiqran Çiçakyan 2016-cı ildə quldurluq və qətldə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. O, 2024-cü il avqustun 16-da azadlığa çıxıb. Son vaxtlar Beloyarski rayonunda yaşayıb.
Onun məhkum olunduğu qətl işi də səs-küylü olub. İstintaqın versiyasına görə, 2015-ci il aprelin 19-da 18 yaşlı Tiqran Alpinistov küçəsində yerləşən “U Saşi” kafesində olub. Həmin məkanda futbolçu Emil Hüseynov da dostları ilə birlikdə olub.

Emil Hüseynov
Gecə saatlarında iki qrup arasında mübahisə yaranıb və kütləvi dava baş verib. İstintaqın məlumatına görə, Tiqran qarşı tərəfin sinə nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. Nəticədə Hüseynov ölüb.
Qətl işi üzrə hökm 2016-cı il iyulun 13-də çıxarılıb.
Emil Hüseynov vaxtilə "Neftçi", "Karvan" və "Abşeron" klublarında çıxış edib.
