Azərbaycan idmanının ən məşhur məkanlarından biri olan Tofiq Bəhramov adına Respublika Stadionu bu gün 75 illik yubileyini qeyd edir.
İdman.Biz xəbər verir ki, paytaxt Bakıda yerləşən arena 1951-ci il sentyabrın 16-da istifadəyə verilib. Stadionun tikintisinə 1939-cu ildə başlanılsa da, İkinci Dünya müharibəsi səbəbindən işlər yarımçıq qalıb. Tikinti müharibədən sonra davam etdirilib və arena 12 ildən sonra istifadəyə verilib.
1993-cü ildən arena dünya şöhrətli azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun adını daşıyır.

2011-2012-ci illərdə əsaslı yenidənqurma işləri aparılan stadion 2012-ci il avqustun 16-da yenidən istifadəyə verilib. Yenilənmədən sonra arenada tamaşaçı yerlərinin sayı 31 min 200-ə çatdırılıb.
Tofiq Bəhramov adına Respublika Stadionu ötən 75 il ərzində Azərbaycan millisinin, ölkə klublarının daxili və beynəlxalq turnirlərdə çoxsaylı tarixi qarşılaşmalarına ev sahibliyi edib. Hazırda “Qarabağ” da bir sıra ev oyunlarını bu arenada keçirir.

Stadionun ümumi sahəsi 20 hektardır. Əsas futbol meydançasının ətrafında səkkiz zolaqlı, 400 metrlik atletika cığırı yerləşir.
Qeyd edək ki, stadionun açılış günündə Bakının “Neftçi” futbol komandası ilə Vilnüsün “Spartak” komandası qarşılaşıb. Görüş Bakı təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
