Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illiyi münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.
İdman.Biz xəbər verir ki, nazir paylaşımında stadionda ötən illər ərzində yaşanan tarixi idman anlarına diqqət çəkib.
“75 il, nə qədər oyun, nə qədər qələbə, nə qədər unudulmaz an… Nəsillər dəyişsə də, xatirələr qalır”, - deyə Fərid Qayıbov yazıb.
Nazir paylaşımına stadionun tikintisi və açılışından bəhs edən video material da əlavə edib.
Videoda qeyd olunur ki, stadionun tikintisində minlərlə gənc iştirak edib.
Stadionun açılış günündə Bakının “Neftçi” futbol komandası ilə Vilnüsün “Spartak” komandası qarşılaşıb. Görüş Bakı təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionu 16 sentyabr 1951-ci ildə istifadəyə verilib və bu gün arenanın 75 ili tamam olur.
