Məşhur karikaturaçı “Sabah” - “Barselona” oyununa Azərbaycan memi ilə reaksiya verdi - VİDEO

26 Noyabr 2026 09:45
66
Məşhur karikaturaçı “Sabah” - “Barselona” oyununa Azərbaycan memi ilə reaksiya verdi - VİDEO

Futbol dünyasında çəkdiyi yumoristik animasiyalarla tanınan məşhur karikaturaçı Həmid Sahari UEFA Çempionlar Liqasının “Sabah” - “Barselona” qarşılaşmasına xüsusi animasiya həsr edib.

İdman.Biz xəbər verir ki, karikaturaçı Bakı təmsilçisinin 1:4 hesabı ilə məğlub olduğu və Qordonun dubla imza atdığı görüşdə baş verənləri özünəməxsus yumorla canlandırıb.

Paylaşımın ən diqqətçəkən məqamı isə Həmid Səhərinin animasiyaya “TikTok”un Azərbaycan seqmentində məşhurlaşan memlərdən birini səs effekti kimi əlavə etməsidir.

Qeyd edək ki, Sahari futbol mövzusunda qısa, yumoristik cizgi filmlər hazırlamaq üzrə ixtisaslaşıb. O, animasiyalarında oyunların nəticələrini, klublar arasındakı rəqabəti və futbol ulduzlarının həyatında baş verən hadisələri yumoristik şəkildə təqdim edir. Rəssam daha əvvəl "365Scores" və "Sport360" ilə əməkdaşlıq edib, hazırda isə müstəqil fəaliyyət göstərir.

Onun "Instagram" səhifəsini 7,8 milyondan çox insan izləyir, "YouTube" kanalının abunəçilərinin sayı isə 4,3 milyonu ötür.

Maraqlıdır ki, Sahari 2025-ci ilin aprelində də Avropa futbol liqalarında çempionluq uğrunda mübarizəyə həsr etdiyi animasiyada “Qaz vermə” memindən istifadə edib.

İdman.Biz