Azərbaycanda respublika və beynəlxalq səviyyəli idman yarışlarının təşkili, hakimlərin xidmət haqqı və xarici nümayəndə heyətlərinin qəbulu ilə bağlı xərc normaları müəyyənləşdirilib.
İdman.Biz xəbər verir ki, bu məsələlər Nazirlər Kabinetinin 25 noyabr 2026-cı il tarixli 393 nömrəli qərarında öz əksini tapıb.
Sənədə əsasən, ölkə ərazisində keçirilən respublika səviyyəli yarışlarda baş hakimlərə gündəlik 50 manat, beynəlxalq tədbirlərdə isə 100 manat xidmət haqqı ödəniləcək. Hakimlər briqadasının üzvləri və yarışların baş katibləri üçün bu məbləğlər müvafiq olaraq 25 və 50 manat təşkil edəcək.
Hakimlər xidmət haqqını digər maddi təminat növlərindən asılı olmayaraq alacaqlar. Yarışın keçirildiyi şəhər və ya rayon hakimin faktiki yaşayış yeri olsa belə, ona müəyyən edilmiş normalara uyğun yemək xərci ödəniləcək.
Qərarda Azərbaycanda keçirilən beynəlxalq yarışlara qatılan xarici idmançılar, məşqçilər, mütəxəssislər və rəsmi şəxslər üçün gündəlik nahar xərclərinin yuxarı həddi 25 manat, şam yeməyinin isə 50 manat olması nəzərdə tutulub.
Olimpiya komitələrinin, beynəlxalq və milli federasiyaların rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri üçün isə nahara 40, şam yeməyinə 60 manatadək vəsait ayrılması müəyyənləşdirilib.
Bu kateqoriyaya aid nümayəndə heyətlərinin rəhbərləri üçün yarımlüks kateqoriyalı mehmanxana nömrələri, ölkədaxili uçuşlarda biznes sinif və gündə 12 saatadək minik avtomobilindən istifadə nəzərdə tutulub.
Sənədə əsasən, idman tədbirlərində iştirakı təmin etmək məqsədilə zərurət yarandıqda çarter reysləri də təşkil edilə bilər.
İdmançının zədələnməsi, fors-major hallar və digər üzrlü səbəblərdən xaricdə keçirilən beynəlxalq yarışda iştirak etməməsi halında həmin idmançı və məşqçi üçün ayrılmış vəsaitin xərclənməmiş hissəsi geri qaytarılmalıdır.
Bundan başqa, idman təşkilatları tədbirin keçirilməsinə ən azı 30 gün qalmış müvafiq sənədləri Gənclər və İdman Nazirliyinə təqdim etməlidirlər. Yarış başa çatdıqdan sonra isə yeddi iş günü ərzində maliyyə hesabatı təqdim olunmalıdır.
İdman tədbirlərinin təşkili üçün ayrılmış vəsaitlərin təyinatı üzrə düzgün xərclənməməsinə görə məsul təşkilatlar qanunvericiliyə uyğun cavabdehlik daşıyacaqlar.
