Azərbaycanın kunq-fu sanda üzrə tanınmış idmançılarından olan Toğrul Mikayılov 1996-cı ildə Bakıda anadan olub. O, böyüklər arasında 65 kq çəki dərəcəsində çıxış edir. Toğrul Mikayılov üçqat Dünya və doqquzqat Azərbaycan çempionudur.
O, ölkəmizi mütəmadi olaraq beynəlxalq yarışlarda təmsil edir. MMA üzrə də dörd peşəkar döyüş keçirən idmançı üç qələbə qazanıb, bir dəfə məğlub olub. Hazırda Toğrul Mikayılov Fransada keçiriləcək Avropa çempionatına hazırlaşır.
İdman.Biz idmançı ilə söhbətləşərək kunq-fu sandaya ölkəmizdə maraq, daxili və beynəlxalq rəqabət, qarşıdakı Avropa çempionatından gözləntilər və bu idman növünün üstünlükləri barədə danışıb.
- Toğrul bəy, belə bir fikir var ki, kunq-fu sanda Olimpiya idman növü olmadığı üçün ölkəmizdə gənclər arasında ona maraq azdır. Təcrübəli idmançı kimi bu fikirlə razısınız?
- Qətiyyən razı deyiləm. Kənardan elə görünə bilər ki, Olimpiya proqramına daxil olmadığı üçün bu idman növünə diqqət azdır. Ancaq reallıq tamamilə başqadır.
Sanda fiziki hazırlığın, dözümlülüyün, əl və ayaq texnikalarının ən yüksək səviyyədə birləşdiyi sərt və möhtəşəm döyüş növüdür. Bu gün ölkəmizdə, xüsusilə gənclər və yeniyetmələr arasında sandaya maraq ildən-ilə artır. Gənclər asan yolları deyil, xarakter və əzmkarlıq tələb edən, real döyüş bacarıqları aşılayan idman növlərini seçirlər. Zallardakı sıxlıq, çempionatlarda iştirak edən idmançıların coşqusu və rəqabətin hər il daha da güclənməsi bunun sübutudur.
- Noyabrın 14-15-də kunq-fu sanda üzrə 32-ci Azərbaycan çempionatı keçirildi və siz 70 kq çəki dərəcəsində bütün rəqiblərinizi məğlub etdiniz. Doqquzqat Azərbaycan çempionu olmağınız rəqabətin aşağı səviyyədə olmasından irəli gəlir?
Rahatlıqla deyə bilərəm ki, sandada rəqabət heç vaxt aşağı olmayıb; əksinə, hər il daha da güclənir. 14–15 noyabr tarixlərində keçirilən 32-ci Azərbaycan Çempionatında 70 kq çəki dərəcəsində döyüşmək və qızıl medal qazanmaq heç də asan başa gəlmədi. Qarşımda ölkənin hər yerindən gələn, demək olar ki, hər biri peşəkar, iddialı və güclü gənc rəqiblər var idi. 9-cu dəfə Azərbaycan çempionu adını qazanmağım zəif rəqabətin deyil, 20 illik əməyin, fasiləsiz və gərgin məşqlərin, intizamın və hər döyüşə qoyduğum ürəyin nəticəsidir. Çempion olmaq çətindir, amma bu adı illərlə qoruyub saxlamaq min qat daha çətindir.
- Qarşıda sizi Fransada Avropa çempionatı gözləyir. Hazırlığınızı harada və kimin rəhbərliyi altında keçirsiniz?
- Qarşıdakı Avropa Çempionatına hazırlıqlarımız artıq tam gücü ilə gedir. Məşqlərimi Bakıda, Kunq-fu Sanda Federasiyasının bazasında baş məşqçi Nərman Cavadzadənin rəhbərliyi altında davam etdirirəm. Hazırlıq prosesim olduqca gərgin və sistemlidir: həm zərbə texnikası, fiziki dözümlülük (CrossFit və funksional hazırlıq), həm də taktiki-texniki döyüş məşqləri üzərində işləyirik. Həmçinin, illərlə sərt məktəb keçdiyim "Sərhədçi" klubunun və əfsanəvi məşqçim Babək Əliyevin mənə qazandırdığı baza bu gün də bütün hazırlıqlarımın təməlini təşkil edir.
- Kunq-fu sanda üzrə beynəlxalq rəqabət nə dərəcədə güclüdür? Bu idman növündə hansı ölkələr üstünlük təşkil edir?
Kunq-fu sandada beynəlxalq səviyyədə rəqabət həddindən artıq güclüdür və hər il daha da sərtləşir. Təbii ki, bu idmanın vətəni olduğu üçün Çin hər zaman əsas hegemon və ən güclü məktəbdir. Bununla yanaşı, Asiya ölkələri - xüsusilə İran - həmçinin Avropada Rusiya, Fransa və Türkiyə idmançıları bu sahədə çox ciddi rəqabət aparırlar. Sanda döyüşçüsü həm zərbə texnikasını (boks, təpik), həm də atışları (güləş elementlərini) mükəmməl bilməlidir. Avropa və dünya arenalarındakı döyüşlər göstərir ki, Azərbaycan idmançıları hər zaman bu ölkələrə qarşı ən güclü müqavimət göstərən və fəxri kürsünün ən yüksək pilləsinə iddialı olan komandalardandır.
- Avropa çempionatına yollanacaq heyətdən minimum neçə medal gözləyirsiniz?
- Biz hər zaman beynəlxalq yarışlara yalnız bir məqsədlə - bayrağımızı ən uca zirvəyə qaldırmaq və Himnimizi səsləndirmək üçün yollanırıq. Milli komandamızın potensialını, idmançılarımızın göstərdiyi əzmkarlığı və hər birinin məşqlərdə tökdüyü tər nəzərə alınsa, inanıram ki, Fransadan maksimum sayda medalla, o cümlədən dəyərli qızıl medallarla dönəcəyik. Komandamızda ruh yüksəkliyi çox güclüdür və hər kəs əlindən gələnin ən yaxşısını edəcək.
- Sonda kunq-fu sandanın üstünlüklərini qeyd etməyinizi istərdik. Sizcə, valideynlər övladlarını niyə bu idman növünə yazdırmalıdırlar?
- Əgər bir valideyn övladının fiziki cəhətdən güclü, ruhən isə polad kimi möhkəm olmasını istəyirsə, seçim mütləq sanda olmalıdır. Sandanın üstünlükləri çoxdur.
Birincisi, hərtərəfli fiziki inkişaf. Sanda uşaqlarda güc, çeviklik, sürət, dözümlülük və yüksək koordinasiya formalaşdırır.
İkincisi, özünümüdafiə bacarığı; həm ayaq və əl zərbələrini, həm də yaxın məsafəli mübarizəni (atışları) əhatə etdiyi üçün uşaq müxtəlif vəziyyətlərdə özünü müdafiə edə biləcək səviyyəyə çatır.
Üçüncüsü, xarakter və intizam; döyüş sənəti insana nizam-intizam, məsuliyyət, çətinliklər qarşısında sınmamaq və məqsədyönlü olmaq vərdişi aşılayır.
Sonda özünəinamı qeyd edərdim. Öz gücünə bələd olan uşaq həyatda da hər zaman möhkəm özünəinamla addımlayır.
