İdman Festivalı çərçivəsində Qazax şəhərində təşkil olunan tədbirlər başa çatıb. 2026-cı ilin “İdman Paytaxtı”nda keçirilən festivalın son günü idmançılarla görüşlər, müxtəlif idman növləri üzrə nümayişlər və konsert proqramı ilə əlamətdar olub.
İdman.Biz xəbər verir ki, 2026-cı ilin “İdman səfirləri” Vəfa Musayeva, Aynur Yusufova və Elçin Əsədov festival iştirakçıları ilə tonqal ətrafında bir araya gəliblər.
Səmimi şəraitdə təşkil olunan görüşdə səfirlər idmançılarla söhbət edib, onların suallarını cavablandırıblar.
Tanınmış bloqer Ruslan Aslanov da gənclərlə görüşərək onları maraqlandıran suallara cavab verib.
Festivalın keçirildiyi Heydər Əliyev parkında idman proqramı da davam etdirilib. Müxtəlif idman növlərinin təmsilçiləri nümunəvi çıxışlar zamanı texniki bacarıqlarını nümayiş etdiriblər, həmçinin yarışlar təşkil olunub.
Festivalda ümumilikdə 24 idman növü üzrə 13-15 yaşlı idmançılar iştirak ediblər.
Festival çərçivəsində ilkin tibbi yardım, hərbi-vətənpərvərlik, vokal, maketləşdirmə, xilasetmə, konstitusiya, skautinq, Milli Antidopinq Agentliyi (AMADA) və süni intellekt (AI) mövzularında da təlimlər keçirilib.
