“Soyadım yazılmış “Levski” forması mənim üçün sürpriz oldu” - Boris Xetaqurovun İDMAN.BİZ-Ə MÜSAHİBƏSİ - FOTO

24 Noyabr 2026 14:18
29
“Soyadım yazılmış “Levski” forması mənim üçün sürpriz oldu” - Boris Xetaqurovun İDMAN.BİZ-Ə MÜSAHİBƏSİ - FOTO

Azərbaycanın əməkdar həkimi, ömrünün 50 ildən çoxunu futbol və idman təbabətinə həsr etmiş Boris Xetaqurov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq konfransda iştirak edib. Təcrübəli mütəxəssis Bolqarıstan Futbol İttifaqının dəvəti ilə tədbirin fəxri qonaqlarından biri olub.

Noyabrın 17-də “Tsarsko Selo” kompleksində təşkil olunan konfransda iştirak edən Xetaqurov İdman.Biz-ə verdiyi müsahibədə səfər təəssüratlarını bölüşüb, xarici həmkarları qarşısındakı çıxışından, “Levski” klubunun ona təqdim etdiyi xatirə hədiyyəsindən və Sofiyada keçirdiyi maraqlı görüşlərdən danışıb.

- Bolqarıstanda keçirilən konfransa dəvəti necə aldınız? Bu tədbirdə iştirak sizin üçün nə demək idi?

- Mən Bolqarıstan Futbol İttifaqından şəxsi dəvət almışdım. Əlbəttə, bu, mənim üçün böyük şərəf idi. Dəvəti idman təbabətində və Azərbaycan futbolunda uzunillik fəaliyyətimə göstərilən hörmət və diqqətin ifadəsi kimi qəbul etdim.

Konfrans noyabrın 17-də Sofiyada keçirildi. Tədbirdə yüzdən çox mütəxəssis, o cümlədən Almaniya, Şimali Makedoniya və Azərbaycandan olan həkimlər iştirak edirdilər.

Bolqarıstan Futbol İttifaqının prezidenti Georgi İvanov həmin günlərdə futbol komandası ilə birlikdə Estoniyada olduğuna görə konfransın açılışını qurumun Tibb Komitəsinin fəxri sədri, doktor Mixail İliyev etdi.

- Sizi konfransın fəxri qonaqlarından biri kimi təqdim ediblər. Bu, necə baş verdi?

- Mixail İliyev mənim çoxdankı dostumdur. Konfransın açılışında çıxış üçün sözü mənə verərkən məni Azərbaycan idman təbabətinin ağsaqqalı, özünün köhnə dostu və Bolqarıstan Futbol İttifaqının fəxri qonağı kimi təqdim etdi.

Açığını deyim ki, belə sözləri eşitmək çox xoş idi. Axı onların arxasında uzun illərin zəhməti, peşəkar əməkdaşlıq və səmimi dostluq münasibətləri dayanır.

Çıxışıma dəvətə görə Bolqarıstan Futbol İttifaqının rəhbərliyinə minnətdarlığımı bildirməklə başladım. Qurumun prezidenti Georgi İvanova və doktor Mixail İliyevə xüsusi təşəkkür etdim.

- Xarici həmkarlarınıza Azərbaycan haqqında nələr danışdınız?

- Mənim üçün ən vacib məsələlərdən biri Azərbaycan idmanının və idman təbabətinin nailiyyətlərini təqdim etmək idi.

Ölkəmizdə idmanın inkişafına göstərilən diqqətdən söz açdım. Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə verdiyi dəstəyi xüsusi qeyd etdim.

Həmçinin Azərbaycanın birinci xanımı, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın və Avropa Gimnastikasına rəhbərlik edən gənclər və idman naziri Fərid Qayıbovun fəaliyyətindən danışdım.

Ölkəmizdə idman təbabətinin inkişafına ayrıca toxundum. Gənclər və İdman Nazirliyinin nəzdində yaradılmış Milli İdman Təbabəti və Reabilitasiya İnstitutunun imkanlarının yüksək Avropa standartlarına cavab verdiyini vurğuladım.

Məni sevindirən məqamlardan biri də hazırladığım mütəxəssislərin xarici klublarda böyük tələbat görməsidir. Bir həkim və müəllim üçün bundan böyük peşəkar uğur ola bilməz.

– Bu yaxınlarda “50 il futbolda” kitabınız işıq üzü gördü. Konfransda həmin nəşr haqqında da danışdınızmı?

- Əlbəttə. Kitabım Gənclər və İdman Nazirliyinin dəstəyi ilə nəşr olunub. Orada Azərbaycan futbolunda keçirdiyim 50 ildən artıq dövrü, peşəkar fəaliyyətimi, topladığım təcrübəni və yaddaşımda qalan maraqlı hadisələri əks etdirməyə çalışmışam.

Mənim üçün bu kitab sadəcə xatirələr toplusu deyil. Birlikdə çalışdığım futbolçulara, məşqçilərə, həkimlərə və dostlarıma ehtiramımın ifadəsidir.

Sofiyaya kitabın bir neçə nüsxəsini aparmışdım. Onlardan birini şəxsi avtoqrafım və xatirə yazımla Bolqarıstan Futbol İttifaqının prezidenti Georgi İvanova təqdim etmək istəyirdim.

Təəssüf ki, o, konfransda iştirak etmirdi. Buna görə Mixail İliyevdən kitabı mənim adımdan ona çatdırmasını xahiş etdim.

Digər nüsxəni isə böyük məmnuniyyətlə Mixailin özünə hədiyyə etdim.

- Mixail İliyevlə dostluğunuzun uzun illərə söykəndiyini bildirdiniz. Bu münasibətlər necə davam edir?

- Biz 30 ildən artıqdır ki, dostluq edirik. Bu müddətdə çoxsaylı görüşlərimiz, birgə tədbirlərimiz və peşəkar müzakirələrimiz olub.

İllər keçir, məsafələr dəyişir, amma dostluğumuz davam edir. Mən bu münasibətləri çox yüksək qiymətləndirirəm.

Yeri gəlmişkən, konfrans zamanı ən gözlənilməz hədiyyəni də məhz Mixaildən aldım.

- Söhbət hansı hədiyyədən gedir?

- Çıxışım başa çatdıqdan sonra Mixail İliyev məşhur Bolqarıstan klubu “Levski”nin adından mənə futbol forması təqdim etdi.

Ən maraqlısı odur ki, formanın üzərində mənim soyadım – “Xetaqurov” yazılmışdı.

Düzünü desəm, bu, mənim üçün çox xoş sürpriz oldu. Uzun peşəkar fəaliyyətim ərzində çoxlu mükafat və xatirə hədiyyəsi almışam. Amma belə diqqət mənim üçün xüsusi əhəmiyyət daşıyır.

Bu gözəl hədiyyəyə görə həm Mixail İliyevə, həm də “Levski” klubuna ürəkdən təşəkkür edirəm.

Konfransın sonunda bütün iştirakçılara adlarına hazırlanmış sertifikatlar da təqdim olundu.

- Bolqarıstan səfəri zamanı Azərbaycanın bu ölkədəki səfiri ilə də görüşmüsünüz. Görüş necə keçdi?

- Bəli, Sofiyada Azərbaycan səfirliyini ziyarət etdim və ölkəmizin Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Elmar Məmmədovla görüşdüm.

Görüş çox səmimi və mehriban şəraitdə keçdi. Cənab səfir mənim peşəkar fəaliyyətimə və Azərbaycan futbolunda keçdiyim uzun yola böyük maraq göstərdi.

O, şəxsən məni səfirliyin ərazisi, iş otaqları və diplomatik nümayəndəliyin müxtəlif fəaliyyət istiqamətləri ilə tanış etdi.

Uzun müddət söhbət etdik. Həmin görüş məndə çox xoş təəssürat yaratdı.

Xatirə olaraq Elmar Məmmədova “50 il futbolda” kitabımın avtoqraflı nüsxəsini hədiyyə etdim.

Cənab səfirə səmimi qəbula, diqqətə və mənə ayırdığı vaxta görə bir daha minnətdarlığımı bildirirəm. Ona möhkəm cansağlığı və məsuliyyətli diplomatik fəaliyyətində uğurlar arzulayıram.

- Sofiyada olduğunuz müddətdə yerli tibb müəssisələrinin işi ilə də tanış olmaq imkanınız oldumu?

- Bəli. Mixail İliyevin dəvəti ilə onun rəhbərlik etdiyi tibb mərkəzini ziyarət etdim.

O, məni mərkəzin kabinetləri və idmançıların zədələrdən, eləcə də cərrahi əməliyyatlardan sonra bərpasında tətbiq olunan metodlarla tanış etdi.

Mənim üçün belə görüşlər həmişə maraqlıdır. İdman təbabəti daim inkişaf edir. Bu sahədə uzun illər çalışsam da, xarici həmkarlarımın təcrübəsi ilə tanış olmaqdan hər zaman məmnunluq duyuram.

Bundan başqa, “Mirta Medicus” şirkətinin rəhbəri Marin Penkovun dəvəti ilə müəssisənin ofisində oldum.

O, şirkətin təbii qida əlavələri və bitki ekstraktlarının hazırlanması, istehsalı və satışı ilə məşğul olduğunu bildirdi.

- Ümumilikdə, Bolqarıstan səfərindən hansı təəssüratlarla qayıtdınız?

- Bolqarıstanda keçirdiyim üç gün çox zəngin və maraqlı oldu. Konfransda iştirak, həmkarlarla görüşlər, səfirliyə və tibb mərkəzinə səfərlər yaddaşımda xoş xatirələr buraxdı.

Bolqarıstanlı həmkarlarımın Azərbaycana və ölkəmizdə idman təbabətinin inkişafına maraq göstərməsi məni xüsusilə sevindirdi.

Konfrans haqqında Bolqarıstanın “24 ÇASA” qəzetində də kiçik yazı dərc olunub.

Bu səfərin təşkilində və həyata keçirilməsində köməklik göstərən Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanova, səfirliyin konsulluq əməkdaşı İsmegül Durmuş və Mariana Vasilevaya xüsusi təşəkkürümü çatdırmaq istəyirəm.

Mənə göstərilən diqqəti və hörməti heç vaxt unutmayacağam.

Sonda bütün həmkarlarıma yeni elmi nailiyyətlər, uğurlar və möhkəm cansağlığı arzulayıram.

Bizim peşəmizin ən böyük məqsədi idmançıların sağlamlığını qorumaqdır. Ömrümüzü idman təbabətinə həsr etməyimizin əsas səbəbi də məhz budur.

İdman.Biz