Sərbəst dalış (fridayvinq) üzrə keçmiş dünya rekordçusu, niderlandlı Janin Qrasmeyer 33 yaşında vəfat edib.
İdman.Biz xəbər verir ki, bu barədə idmançının ailəsi sosial şəbəkədə məlumat yayıb.
“Dərin kədər hissi ilə bildiririk ki, 2026-cı il noyabrın 16-da Janin İrina Qrasmeyer 33 yaşında vəfat edib. O, mehriban, səmimi, cəsarətli və güclü qadın idi. Onun üçün mümkünsüz tapşırıq yox idi. Qarşısına məqsəd qoyurdusa, inanılmaz əzmkarlıqla ona doğru irəliləyirdi”, - deyə ailəsinin açıqlamasında qeyd olunub.
Qrasmeyer 2013-cü ildə, 20 yaşında Yunanıstanın Kalamata şəhərində sərbəst dalış üzrə 90 metr dərinliyə enərək dünya rekordu müəyyənləşdirib. O, həmin vaxt bu nailiyyətə imza atan ən gənc qadın idmançı olub.
Bir neçə gün sonra rusiyalı Natalya Molçanova dünya çempionatında 91 metr dərinliyə enərək onun rekordunu yeniləyib.
Qrasmeyer 2016-cı ildə 92 metr dərinliyə enərək dünya rekordunu geri qaytarıb. Onun bu göstəricisi iki il ərzində yenilənməyib.
