Ümumdünya Antidopinq Agentliyi (WADA) 2031-ci ildən etibarən təşkilatın qərargahının yerləşəcəyi şəhəri müəyyənləşdirmək üçün açıq müsabiqə elan edib.
İdman.Biz xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
WADA-nın Təsisçilər Şurası Astanada keçirilən iclasında İcraiyyə Komitəsinin müvafiq prosedurlara 2027-ci ildə başlanılması barədə tövsiyəsini təsdiqləyib.
WADA-nın qərargahı 2002-ci ildən Monrealda yerləşir. Kanada, Kvebek əyaləti və Monreal şəhəri ilə mövcud sazişin müddəti 2031-ci ilin martında başa çatacaq. Agentliyin qərargahının Monrealda qalması da istisna edilmir.
WADA-nın baş direktoru Olivye Niqqli bildirib ki, açıq, şəffaf və rəqabətli seçim prosesi Monreal da daxil olmaqla bütün potensial namizədlərə bərabər imkanlar yaradacaq.
Onun sözlərinə görə, 2002-ci ildən agentliyin əməkdaşlarının sayı xeyli artıb, təşkilati strukturu və normativ-hüquqi bazası möhkəmləndirilib.
Niqqli maliyyə dayanıqlığının təmin edilməsi, hüquqi və institusional risklərin idarə olunması, agentliyin müstəqilliyinin qorunması, beynəlxalq kollektivin mobilliyi və sabitliyinin əsas çağırışlar sırasında olduğunu vurğulayıb.
Yeni qərargahın seçilməsi zamanı WADA-nın gələcək strateji, əməliyyat, maliyyə, hüquqi və təşkilati ehtiyacları nəzərə alınacaq.
