Dünya Döyüş Oyunlarının gümüş medalçısı: “Finalda taktiki səhvlər etdim”

Xəbərlər
21 Oktyabr 2023 09:31
116
Dünya Döyüş Oyunlarının gümüş medalçısı: “Finalda taktiki səhvlər etdim”

“Yarışda dünyanın ən güclü 8 idmançısı mübarizə aparırdı. Dünya reytinqində öndə olduğum üçün mən də Dünya Döyüş Oyunlarında iştirak etdim”.

Bunu İdman.biz saytına Səudiyyə Ərəbistanında keçirilən Dünya Döyüş Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Hüseyn Məmmədli deyib.

Yarışı gümüş medalla başa vuran idmançımız finala gedən yol və həlledici görüşdə məğlubiyyətindən danışıb: “Finala qədər İspaniyadan olan sonuncu dünya çempionatının bürünc mükafatçısı, Misirdən olan dünya çempionunu məğlub etdim. Kifayət qədər təcrübəli idmançılarla üz-üzə gəldim. Finalda taktiki səhvlər etdim və məğlub oldum. Məşqçim Anar Allahverdiyev ilə birgə bu yarışa çox yaxşı hazırlaşmışdıq. Hər şey istədiyimiz kimi getdi. Yalnız qızıl medaldan savayı... Qarşıda məni Avropa çempionatında çıxış gözləyir”.

Qeyd edək ki, 67 kq çəkidə mübarizə aparan idmançı finalda misirli Əhməd Lotfiyə 2:3 hesabı ilə uduzub.

Emin Ağa

İdman.biz