Azərbaycanlı qaydasız döyüş ustası Rafael Fiziyev Las-Veqasda UFC Fight Night turnirində Mateuş Qamrotla döyüşdə aldığı zədədən sonra uzun müddət yarışlarda iştirak edə bilməyəcək.
İdman.biz xəbər verir ki, çarpaz bağlarının cırılması onun gələcək karyerasına necə təsir edəcəyi məlum deyil. O, əvvəlki səviyyəsinə qayıdıb yenidən çempionluq kəməri uğrunda yarışa çıxa biləcəkmi?
Döyüşçünün əvvəlki vəziyyətinə qayıtmaq üçün müəyyən şansı var. Rafael Konor Makqreqor, Dominik Kruz və uzun müddət döyüşlərdən uzaq qalaraq, sonra geri dönüş edən Tom Aspinalın təcrübəsini nümunə gətirmək olar. Döyüşdən bir neçə gün sonra açıqlama verən “Ataman” bunları deyib: “Mən sağalıb daha güclü qayıdacağam”.
Bununla belə, Fiziyevin iddiaçılar sırasına qayıtması çətin bir yoldur. Mart ayında, o, Castin Qeytcə uduzdu və bu yaxınlarda aldığı zədə ona reytinqli həmkarını məğlub etməyə mane olub. Eyni zamanda, bir sıra döyüşçülər Qamrotun zədəli rəqibi üzərində qələbəsini nümayişkarə qeyd etməsinə mənfi reaksiya veriblər. Yüngül çəkidə keçmiş UFC çempionu Camal Hill polyakı tənqid edib.:"Zədəli rəqibi üzərindəki qələbədən sonra şırınqa və rəqs çox pisdir!!!", deyə Hill sosial şəbəkədə paylaşım edib.
Rafael reytinq sıralamaslnda yeddinci pilləyə enib və gələcəkdə daha aşağı reytinqli rəqiblərlə qarşılaşmalı olacaq. Qrant Dauson Bobbi Qrini məğlub etsə, Rafaelin növbəti rəqibi ola bilər. Dan Hooker, Calin Turner digər iki mümkün variantdır. Hər halda, bu, Fiyziyevə reytinqdə irəliləməsinə çox da kömək etməyəcək. Ardıcıl iki dəfə məğlub olan döyüşçünün taleyi belədir.
Fiziyev ilk növbədə, səhhətinin qayğısına qalmalı, ayağındakı zədəni sağaltmalı, reabilitasiya keçməli və bundan sonra döyüşlər barədə düşünməlidir. 2024-cü ilə qədər pərəstişkarları, çətin ki, onu səkkizbucaqda görə bilsinlər.
Zəki Feyzullayev
İdman.biz