Azərbaycanın dopinqlə mübarizə təcrübəsi Afrikada təqdim olundu - FOTO

6 Noyabr 2026 20:30
57
Azərbaycanın dopinqlə mübarizə təcrübəsi Afrikada təqdim olundu

Azərbaycanın dopinqlə mübarizə sahəsində həyata keçirdiyi tədbirlər və əldə etdiyi nəticələr Botsvananın Qaborone şəhərində keçirilən UNESCO-nun Regional Bacarıqların Artırılması Proqramında (RCBP) təqdim olunub.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov tədbirdə məruzəçi qismində çıxış edib.

UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasının Katibliyi tərəfindən təşkil olunan proqramda 16 Afrika ölkəsinin nümayəndələri, antidopinq siyasəti üzrə mütəxəssislər və beynəlxalq ekspertlər iştirak ediblər.

Elnur Məmmədov çıxışında Azərbaycanda dopinqlə mübarizəyə dövlət dəstəyi, təhsil və maarifləndirmə proqramları, bu istiqamətdə görülən sistemli işlər və əldə olunan nəticələr barədə məlumat verib.

Qeyd edək ki, regional proqramlar gənclər və idman naziri Fərid Qayıbovun UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Dövlətlərin Konfransı Bürosuna sədrlik etdiyi dövrdə həyata keçirilir. Məqsəd üzv dövlətlərin konvensiya üzrə öhdəliklərini yerinə yetirməsinə və dopinqlə mübarizə imkanlarının gücləndirilməsinə dəstək göstərməkdir.

İdman.Biz