Avqustun 27-28-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sea Breeze” ərazisində, “Shore House”un qarşısındakı meydançada Yay İdman Festivalı keçirilib.
İdman.Biz xəbər verir ki, festivalı gənclər və idman naziri Fərid Qayıbov da ziyarət edib. Nazir iştirakçıların nümunəvi çıxışlarını izləyib.
İki gün davam edən tədbirdə 3x3 basketbol, reqbi, stolüstü tennis, badminton, voleybol, kəndirlə mübarizə, güləş, cüdo, taekvondo, kapoeyra, sumo, aykido, ciu-citsu, karate, mas-reslinq və avarçəkmə olmaqla, 16 idman növü üzrə nümunəvi çıxışlar təşkil olunub.
Festival çərçivəsində yaradılan açıq idman zonasında iştirakçılar müxtəlif idman növlərini sınaqdan keçirib, bacarıqlarını yoxlamaq və yeni idman növləri ilə tanış olmaq imkanı əldə ediblər.
