Fərid Qayıbov: “Bakıda idman sərgisinin keçirilməsində əsas məqsəd idmanımızın təbliğatıdır”

27 Noyabr 2026 14:32
48
Fərid Qayıbov: “Bakıda idman sərgisinin keçirilməsində əsas məqsəd idmanımızın təbliğatıdır”

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov “ExpoSport Azerbaijan 2026” idman sərgisi ilə tanış olub və jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, nazir sərginin keçirilməsində əsas məqsədin ölkə idmanının təbliği olduğunu bildirib.

Fərid Qayıbov qeyd edib ki, Bakı dünyanın idman paytaxtı statusunu daşıdığı bu il ərzində ölkəmizdə bir sıra beynəlxalq və ümumdünya tədbirləri, dünya və Avropa çempionatları, eləcə də digər mötəbər yarışlar təşkil olunub.

Nazir bildirib ki, bu il Bakıda keçirilməsi planlaşdırılan “SportAccord” beynəlxalq tədbiri bəzi səbəblərdən təxirə salınıb. Bununla belə, tədbirin gələn il Azərbaycanda təşkili nəzərdə tutulur. O, məhz Bakının dünyanın idman paytaxtı olduğu ildə böyük idman sərgisinin keçirilməsi qərarının verildiyini vurğulayıb.

Fərid Qayıbov “ExpoSport Azerbaijan 2026”nın federasiyalar tərəfindən maraqla qarşılandığını, sərgidə idman şirkətlərinin də təmsil olunduğunu diqqətə çatdırıb.

Nazir məktəblilər, tələbələr, gənclər və müxtəlif yaş kateqoriyalarından olan insanların tədbirə maraq göstərməsini müsbət qiymətləndirib:

“Əsas məqsəd ölkə idmanının təbliğidir. Sevindirici haldır ki, məktəblərdən, o cümlədən özəl təhsil müəssisələrindən çoxlu sayda uşaqlar, universitetlərdən gələnlər, tələbələr, gənclər və ümumilikdə bütün yaş kateqoriyalarından olan insanlar buraya qatılıblar”.

İki gün davam edəcək sərgini son illərdə bu formatda keçirilən ilk təşəbbüslərdən biri kimi dəyərləndirən nazir növbəti dəfə tədbirin daha geniş miqyasda təşkil olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, federasiyalar da sərginin gələcəkdə daha böyük formatda keçirilməsini istəyirlər.

Fərid Qayıbov Azərbaycan idmanının son 30 ildə böyük inkişaf yolu keçdiyini də vurğulayıb. O, ölkədə demək olar ki, bütün idman növlərinin uğurla inkişaf etdiyini və idmanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib.

Nazir sərgidəki stendlərdən hər hansı birini xüsusi fərqləndirmək istəmədiyini söyləyib. Onun sözlərinə görə, bütün federasiyalar öz təqdimatları ilə seçilməyə çalışıblar. Qayıbov qurumların bir araya gələrək birgə fəaliyyət göstərməsinin əhəmiyyətini də qeyd edib.

Qeyd edək ki, “ExpoSport Azerbaijan 2026” idman sərgisi noyabrın 28-dək davam edəcək. Ziyarətçilər tədbir çərçivəsində müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış ola biləcəklər. Həmçinin ustad dərsləri, interaktiv oyunlar, idman nümayişləri, hədiyyəli viktorinalar və avtoqraf sessiyaları təşkil olunacaq.

İdman.Biz