Azərbaycanlı strimer (internet üzərindən canlı yayım edən şəxs) Anar Abdullayev "Transfermarkt" portalının rusdilli versiyasında ən populyar futbolçu olub.
İdman.Biz xəbər verir ki, Anar portalın əsas səhifəsində yer alan "ən populyar futbolçular" siyahısında birinci pilləyə yüksəlib. Bu reytinq saytın məlumat bazasında ən çox baxılan oyunçular əsasında formalaşdırılır.
"Twitch" platformasında 1,5 milyona yaxın izləyicisi olan Abdullayev Rusiya Kubokunun Regionlar yolunun I mərhələsində "2DROTS"un "Oryol" üzərində 2:0 hesablı qələbə qazandığı oyunda peşəkar debüt edib. O, start heyətində meydana çıxıb və 19-cu dəqiqədə əvəzlənib.
Anar Abdullayev sosial şəbəkədə bunları yazıb:
"Cəmi 18 dəqiqə oynadım və Rusiyanın ən populyar futbolçusu oldum. Hamını qələbə münasibətilə təbrik edirəm! Peşəkar futbolda debüt etdim, uşaqlıq arzum gerçəkləşdi. Hələ də şokdayam. Siz olmasaydınız, bu hissləri heç vaxt yaşamazdım".
