Doqquz ölkə BOK-un maliyyədən məhrum edilməsini istədi

14 İyul 2026 18:29
69
Doqquz ölkə BOK-un maliyyədən məhrum edilməsini istədi

Avropanın doqquz ölkəsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və rusiyalılarla belarusluların beynəlxalq yarışlara qatılmasına icazə verən idman federasiyalarının Avropa İttifaqının maliyyələşdirmə proqramlarından çıxarılmasını təklif edib.

İdman.Biz xəbər verir ki, Estoniyanın təşəbbüsü ilə hazırlanan müraciət Avropa Komissiyasına təqdim olunacaq. Sənədə Niderland, Litva, Latviya, Polşa, İsveç, Rumıniya, Finlandiya və Danimarka da qoşulub.

Müraciətin hazırlanmasına BOK İcraiyyə Komitəsinin 7 iyulda Rusiya Olimpiya Komitəsinin 2023-cü ildən qüvvədə olan üzvlükdən kənarlaşdırılması qərarını müvəqqəti ləğv etməsi səbəb olub. BOK, həmçinin rusiyalı idmançıların iştirakına dair beynəlxalq federasiyalara verilmiş əvvəlki tövsiyələrin artıq tətbiq olunmadığını açıqlayıb.

Estoniya Mədəniyyət Nazirliyinin mövqeyinə əsasən, Rusiya və Belarus nümayəndələrinin beynəlxalq yarışlara qaytarılmasına imkan yaradan təşkilatlara Aİ tərəfindən maliyyə dəstəyi göstərilməməlidir.

Təklifdə BOK-la yanaşı, Beynəlxalq Qılıncoynatma Federasiyasının və “World Aquatics” təşkilatının da Aİ-nin maliyyələşdirmə proqramlarından çıxarılması istənilir. Bu qurumların Avropada idmanın inkişafı ilə bağlı gələcək müzakirə və tədbirlərdə iştirakının məhdudlaşdırılması da təklif olunur.

Estoniyanın mədəniyyət naziri Heydi Purqa bildirib ki, Ukraynada müharibə davam etdiyi müddətdə Rusiya və Belarusun beynəlxalq idmana əvvəlki qaydada qaytarılması qəbuledilməzdir. Onun sözlərinə görə, Avropanın maliyyə dəstəyi qəbul etdiyi qərarlarla Aİ-nin dəyərlərinə və Ukrayna qarşısındakı məsuliyyətinə zidd mövqe tutan təşkilatlara çatmamalıdır.

BOK-un qərarı Rusiya Olimpiya Komitəsinin üzvlüyünü yalnız müvəqqəti şəkildə bərpa edir. Rusiya bayrağının, himninin və digər dövlət rəmzlərinin Olimpiya Oyunlarında istifadəsi ilə bağlı yekun qərarın daha sonra veriləcəyi açıqlanıb.

İdman.Biz