Bakıda Avropa çempionatının açılışı oldu: Bilyard ustaları mübarizədə

9 İyul 2026 17:48
101
Bakıda Avropa çempionatının açılışı oldu: Bilyard ustaları mübarizədə

Bu gün Bakıda sərbəst piramida üzrə Avropa çempionatının açılış mərasimi olub.

İdman.Biz xəbər verir ki, tədbir Bakı Olimpiya İdman Kompleksində baş tutub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bilyard üzrə Avropa çempionatının ikinci dəfə Azərbaycanda keçirildiyini bildirib. Nazir ölkəmizin son illərdə müxtəlif beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycanda idmana dövlət səviyyəsində böyük dəstək göstərilir. Fərid Qayıbov Bakının dünyanın idman paytaxtı seçildiyini xatırladaraq, bu cür nüfuzlu yarışların bilyardın inkişafına və beynəlxalq əlaqələrin genişlənməsinə töhfə verəcəyini deyib.

Avropa Piramida Federasiyasının və Latviya Bilyard Federasiyasının prezidenti Sergey Kolçov da təşkilatçılıqdan razılığını ifadə edib. O, yarışın yüksək səviyyədə keçirildiyini və turnirin canlı izlənilərək qiymətləndirildiyini bildirib.

Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov isə çempionatın ölkəmizdə bu idman növünün populyarlaşması baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. Federasiya rəhbəri Avropanın güclü idmançılarının Bakıda mübarizə apardığını diqqətə çatdırıb.

Qeyd edək ki, yarışa iyulun 12-də yekun vurulacaq.

İdman.Biz