Bakıda keçirilən açıq bilyard üzrə Avropa çempionatının təşkili yüksək qiymətləndirilib.
İdman.Biz xəbər verir ki, bunu saytımıza açıqlamasında Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov bildirib.
“Demək olar ki, son beş ildə digər ölkələrdə bu səviyyədə Avropa çempionatı keçirilməyib. Bu, hər şeyə – təşkilatçılıqdan tutmuş atmosferə və yarışın tərtibatına qədər aiddir”, - deyə o bildirib.
Seymur Məmmədov turnirdə iştirak edənlərin sayı və Azərbaycan təmsilçilərinin nəticələri barədə də danışıb.
“Yarışda 13 ölkədən 122 kişi və 6 ölkədən 15 qadın iştirak edib. Qadınlardan ikisi Azərbaycanı təmsil edirdi. Azərbaycan bilyardçıları arasında ən yaxşı nəticəni beşinci yeri tutan Faiq Vəliyev göstərdi. Ümumilikdə isə ən uğurlu çıxışı Ukrayna nümayəndələri etdilər. Onlar həm kişilər, həm də qadınlar arasında qızıl medallara sahib çıxdılar”, – deyə federasiya prezidenti vurğulayıb.
Seymur Məmmədovun sözlərinə görə, Azərbaycanda açıq Avropa çempionatının keçirilməsində əsas məqsəd bilyardın, xüsusilə də gənclər arasında populyarlaşdırılması olub.
“Gələcəkdə Azərbaycanda bilyard üzrə dünya çempionatını qəbul etmək istəyirik. Bunun nə vaxt baş tutacağını hələ deyə bilmərik. Amma bunu reallaşdırmağa çalışacağıq”, – deyə o fikrini yekunlaşdırıb.
