14 minə yaxın abituriyent idman üzrə qabiliyyət imtahanı verir - FOTO

3 İyul 2026 09:35
67
14 minə yaxın abituriyent idman üzrə qabiliyyət imtahanı verir - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) media nümayəndələri üçün qabiliyyət imtahanlarını müşahidə məqsədilə infotur təşkil edib.

İdman.Biz xəbər verir ki, jurnalistlər Tofiq Bəhramov adına Respublika Stadionunda idman istiqaməti üzrə keçirilən qabiliyyət imtahanlarını izləyiblər.

Tədbirdə imtahanların təşkili və qiymətləndirilməsi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, idman istiqaməti üzrə qabiliyyət imtahanları hazırda Bakıda Azərbaycan İdman Akademiyası və Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir. Regionlarda isə imtahanlar Tovuz, İsmayıllı və Şərur Olimpiya İdman Komplekslərində təşkil olunur.

Məşqçilik ixtisası üzrə xüsusi qabiliyyət imtahanları Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi idman obyektlərində keçirilir. İmtahan prosesində DİM və Gənclər və İdman Nazirliyinin nümayəndələri, müvafiq idman federasiyalarının ekspertləri, eləcə də “İdman könüllüləri və azarkeşləri” İctimai Birliyinin könüllüləri iştirak edirlər.

Bu il idman istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün 14 minə yaxın abituriyent (subbakalavr) qeydiyyatdan keçib. İmtahanlar Məşqçilik, Ümumi fiziki hazırlıq, Adaptiv bədən tərbiyəsi, Kütləvi-sağlamlaşdırıcı idman və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi komissiyaları üzrə təşkil olunur.

DİM-in məlumatına görə, 62 və 63-cü komissiyalar üzrə imtahanlar ümumi fiziki hazırlıq üzrə keçirilir və nəticələr “məqbul” və “qeyri-məqbul” kimi qiymətləndirilir. 61-ci komissiya üzrə isə nəticələr balla hesablanır. Həmin komissiyaya aid bəzi idman növlərində imtahanlar iki mərhələdən ibarət olur: əvvəlcə ümumi fiziki hazırlıq, daha sonra isə ixtisas üzrə sınaq keçirilir.

İdman.Biz