Gənclər və idman naziri Fərid Qayıbov COP10-un Bakı iclasından danışdı

2 İyul 2026 14:07
101
Gənclər və idman naziri Fərid Qayıbov COP10-un Bakı iclasından danışdı

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası üzrə Tərəflər Konfransının 10-cu sessiyası - COP10 barədə danışıb.

İdman.Biz xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında konfransın iki ildən bir təşkil olunduğunu və bu platformada anti-dopinq agentliklərinin, eləcə də idman nazirlərinin bir araya gəldiyini bildirib.

F.Qayıbov qeyd edib ki, konfransın hazırlıq prosesini aparmaq üçün UNESCO-da xüsusi büro fəaliyyət göstərir və həmin büroya seçkilər keçirilir. Onun sözlərinə görə, Azərbaycan əvvəlki - 9-cu konfransın bürosunda da təmsil olunub:

“O zaman mən vitse-prezident idim. 10-cu konfrans üçün isə bizi prezident seçdilər. Bu artıq ikinci iclasımızdır. Birinci toplantı Parisdə, UNESCO-nun baş qərargahında keçirildi”.

Nazir Bakının belə tədbirlərə ev sahibliyi etməsinin təsadüfi olmadığını vurğulayıb. O bildirib ki, Azərbaycan paytaxtı dünyanın idman paytaxtı seçilib və ölkədə bir sıra nüfuzlu beynəlxalq yarışlar, tədbirlər keçirilir.

F.Qayıbovun sözlərinə görə, məhz bu səbəbdən növbəti iclasın Bakıda təşkili qərara alınıb. Toplantıda təsdiq komitəsi və digər komitələrin nümayəndələri iştirak ediblər, bəzi şəxslər isə müzakirələrə onlayn formatda qoşulublar.

Nazir iki gün davam edən iclasların səmərəli keçdiyini deyib:

“Düşünürəm ki, iclaslarımız çox konstruktiv oldu və yekunda yaxşı qərarlar qəbul edildi”.

İdman.Biz