İyulun 1-2-də UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası çərçivəsində İdmanda Dopinqin Aradan Qaldırılması Fondunun Təsdiq Komitəsinin üçüncü rəsmi iclası keçirilib.
İdman.Biz xəbər verir ki, tədbirlərdə iştirak etmək üçün müxtəlif ölkələrdən idman sahəsinə cavabdeh nazirlər və nazir müavinləri Bakıya səfər ediblər.
İclasın ilk günündə Konvensiyanın İcraçı katibi, UNESCO-nun Elm Sektorunun Sosial Siyasətlər və İnklüzivlik üzrə direktoru Qustavo Merino, Təsdiq Komitəsinin sədri Luk Makken, həmçinin COP10 Bürosunun sədri, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər.
İclas çərçivəsində Fərid Qayıbovun COP10 Bürosunda təmsil etdiyi II regional qrupun (Mərkəzi və Şərqi Avropa) nümayəndələri ilə onlayn görüşü də keçirilib. Görüş zamanı COP10 Bürosunun fəaliyyəti, iclasda təqdim olunacaq təkliflər və qarşıda duran məsələlər müzakirə edilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Tədbirdə İdmanda Dopinqin Aradan Qaldırılması Fondunun Təsdiq Komitəsinin üzvləri – İspaniyanı təmsil edən Karlos Peralta Qalleqo (I regional qrup), Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev, Qayana Respublikasının mədəniyyət, gənclər və idman naziri Çarlz S. Ramson (onlayn), Qambiyanın gənclər və idman naziri, Təsdiq Komitəsinin üzvü Bakari Y. Badji (Va regional qrup), həmçinin 2026–2027-ci illər üzrə Açıq Tərkibli İşçi Qrupunun sədri, Seneqal Respublikasının UNESCO yanında daimi nümayəndəsi və səfiri Pyer Fay (Va regional qrup, onlayn) iştirak ediblər.
İclasın ikinci günü Konvensiyaya Tərəf Dövlətlərin Konfransının 10-cu sessiyasının (COP10) Bürosunun II rəsmi iclası gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə davam edib.
İclasda Beynəlxalq Olimpiya Komitəsinin, Ümumdünya Antidopinq Agentliyinin (WADA), həmçinin WADA üzrə Avropa Şurasının “Ad Hoc” Avropa Komitəsinin nümayəndələri, müşahidəçi dövlətlər və Büronun digər vitse-prezidentləri iclasa onlayn formatda qoşulublar.
İclasın sonunda COP10 Bürosunun məruzəçisi, Türkiyə gənclər və idman nazirinin müavini Safa Koçoğlu Gürsoy iclasın yekunları barədə məruzə ilə çıxış edib. Daha sonra COP10 Bürosunun sədri Fərid Qayıbov yekun nitqi ilə iclası bağlı elan edib.
