Qambiyanın gənclər və idman naziri: “Bakıdakı idman obyektləri yüksək səviyyəli infrastruktur nümunəsidir”

2 İyul 2026 12:46
78
Qambiyanın gənclər və idman naziri: “Bakıdakı idman obyektləri yüksək səviyyəli infrastruktur nümunəsidir”

Qambiyanın gənclər və idman naziri Bakari Badjie Azərbaycanla idman və gənclər sahəsində əməkdaşlığın genişləndirilməsi üçün birgə komitənin yaradıldığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak edən nazir paytaxtın idman infrastrukturunu yüksək qiymətləndirib.

Badjie bildirib ki, Bakıya UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası üzrə Tərəflər Konfransının 10-cu sessiyasında iştirak etmək üçün gəlib. Onun sözlərinə görə, Azərbaycan paytaxtında müxtəlif ölkələrdən olan həmkarları və bu sahəyə məsul qurumların nümayəndələri ilə bir araya gəlmək onlar üçün önəmlidir.

Nazir səfər proqramının əsasən iclaslarla bağlı olduğunu, buna görə də Bakını geniş gəzməyə vaxt tapmadıqlarını deyib. Bununla belə, qonaqlar idman mərkəzində atçılıq nümayişini izləyib və bir sıra infrastruktur obyektləri ilə tanış olublar.

Badjie Bakıdakı idman obyektlərini yüksək səviyyəli infrastruktur nümunəsi adlandırıb. O qeyd edib ki, su idman növləri mərkəzi və gimnastika arenası Qambiyanın da gələcəkdə sahib olmaq istədiyi obyektlər sırasındadır.

Qambiyalı nazir son illərdə Azərbaycanla ölkəsi arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb. O xatırladıb ki, ötən il Parisdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.

Badjienin sözlərinə görə, həmin sənədin icrası üçün artıq praktiki mexanizm formalaşdırılıb. Azərbaycanın Qambiyaya akkreditə olunmuş Mərakeşdəki səfiri vasitəsilə hər iki ölkədə xüsusi komitə yaradılıb.

Komitə mübadilə proqramları, idman inzibatçıları üçün bilik və bacarıqların artırılması təlimləri, eləcə də gənclərlə bağlı layihələrin həyata keçirilməsi üzərində işləyir. Nazir artıq bu istiqamətdə işlərə başlanıldığını və əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiklərini bildirib.

İdman.Biz