"Türkiyə və Azərbaycan təmiz idman prinsiplərinin qorunması, idman etikası və beynəlxalq səviyyədə dopinqlə mübarizə sahəsində fəal əməkdaşlıq edən ölkələr sırasındadır".
İdman.Biz xəbər verir ki, bunu Türkiyənin gənclər və idman nazirinin müavini Safa Koçoğlu Gürsoy Bakıda jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanda yüksək qonaqpərvərliklə qarşılandıqlarını bildirərək, Bakıda keçirilən UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası çərçivəsində Dopinqin İdmanda Aradan Qaldırılması Fondunun Təsdiq Komitəsinin III rəsmi iclasının əhəmiyyətini vurğulayıb.
Nazir müavininin sözlərinə görə, tədbirdə beynəlxalq əməkdaşlığın inkişafı, eləcə də müxtəlif ölkələrin dopinqlə mübarizə istiqamətində gördüyü işlər müzakirə olunub.
"Əsas məqsədimiz idmançıların dürüst və ədalətli rəqabət şəraitində yarışmasıdır. Hesab edirik ki, dopinqlə mübarizə yalnız testlər və sanksiyalarla məhdudlaşmamalıdır. Bu proses maarifləndirmə tədbirləri və elmi araşdırmalarla da dəstəklənməlidir", - deyə Gürsoy bildirib.
Türkiyə rəsmisi Bakıya səfərinin UNESCO çərçivəsindəki fəaliyyəti ilə də bağlı olduğunu qeyd edib. O bildirib ki, birinci qrup ölkələrinin təmsilçisi və məruzəçisi kimi iştirak etdiyi komitənin fəaliyyəti beynəlxalq səviyyədə təmiz idman prinsiplərinin qorunmasına mühüm töhfə verir.
