Fərid Qayıbov: “Bakı UFC və “Formula-1” ilə idman turizmini gücləndirir”

2 İyul 2026 13:38
117
Fərid Qayıbov: “Bakı UFC və “Formula-1” ilə idman turizmini gücləndirir”

“Beynəlxalq yarışlar Azərbaycana həm idman, həm də turizm baxımından ciddi töhfə verdir”.

İdman.Biz xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası üzrə Tərəflər Konfransının 10-cu sessiyasının son günündə jurnalistlərə açıqlamasında deyib.

F.Qayıbov qeyd edib ki, Azərbaycan artıq uzun illərdir “Formula-1” yarışlarına ev sahibliyi edir. Onun sözlərinə görə, təkcə ötən il bu yarışı izləmək üçün ölkəyə 12 min azarkeş gəlib. Bu göstərici onlayn bilet satışları əsasında müəyyənləşib.

Nazir UFC yarışlarının da Bakıda böyük maraq doğurduğunu vurğulayıb. O bildirib ki, regionda ilk dəfə UFC turniri ötən il Azərbaycanda təşkil olunub, bir neçə gün əvvəl isə növbəti tədbir keçirilib:

“Düşünürəm ki, çox maraqlı bir tədbir alındı - həm yerli, həm də xarici azarkeşlər üçün. Bu yarışa da xaricdən üç minə yaxın azarkeş gəlmişdi. Bu, təbii ki, həm idmanın, həm də turizmin təbliğatı üçün önəmlidir”.

F.Qayıbov UFC yarışlarının qarşıdakı iki ildə də Bakıda təşkil olunacağını deyib. Nazir paytaxtın artıq beynəlxalq idman tədbirləri baxımından ciddi təcrübəyə sahib olduğunu vurğulayıb:

“Bakı dünyanın idman paytaxtıdır və bu, illərin əziyyəti, təcrübəsidir”.

Qeyd edək ki, “UFC Fight Night Baku” turniri iyunun 27-də keçirilib. Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov isə ABŞ-li Erik Nolanı məğlub edib. Nazim Sadıxov Mateus Kamiloya uduzub. Gecənin əsas döyüşündə Rafael Fiziyev meksikalı Manuel Torresə qalib gəlib.

İdman.Biz