“Barselona”nın keçmiş hücumçusu, hazırda “Monako”da çıxış edən Ansu Fati sosial şəbəkələrdə elan etdiyi “Sea como sea” (“İstənilən halda”) adlı ilk musiqi trekini buraxıb.
İdman.Biz-in məlumatına görə, 23 yaşlı futbolçu Sony Music-in törəmə şirkəti olan “Music Brokers” ilə müqavilə imzalayıb.
“Salam! Nəhayət, sizinlə gözəl xəbər paylaşa bilərəm!
19 iyunda Sea Como Sea çıxır - mənim ilk musiqi sinqlim. Bu, böyük həvəslə yaratdığım və çoxdan sizinlə bölüşmək istədiyim çox xüsusi bir layihədir.
Ümid edirəm ki, bu mahnı sizi müşayiət edəcək, qəlblərinizə toxunacaq və mənə olduğu kimi sizə də yaxın olacaq”, – Fati yazıb.
Mövsüm ərzində Fati gizli şəkildə məşhur prodüser Gambinoalaprod və “Monako”dan komanda yoldaşı Pol Poqba ilə Nitsadakı səsyazma studiyalarında çalışıb. 2 dəqiqə 15 saniyəlik trek Afrobeats, reggaeton və amapiano elementlərini özündə birləşdirir.
“Music Brokers” rəhbərliyi hücumçunun vokal və mahnı yazma bacarıqlarını təkmilləşdirmək üçün illər sərf etdiyini deyirlər. Şirkət bu layihənin sadəcə qısa müddətli tanıtım işi olduğuna dair mülahizələri qəti şəkildə rədd edir.
