Azərbaycan Dünya Korporativ Oyunlarında tarix yazdı - FOTO

7 İyun 2026 19:13
436
Azərbaycan Dünya Korporativ Oyunlarında tarix yazdı - FOTO

Mərakeşin Kasablanka şəhərində keçirilən üçüncü Dünya Korporativ Oyunlarında Azərbaycan dövlət qurumlarının əməkdaşları yüksək nəticələrlə diqqət çəkiblər.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin il ərzində müxtəlif idman federasiyaları ilə birgə dövlət qurumlarının əməkdaşları arasında təşkil etdiyi yarışların qalibləri artıq üç ildir ölkəmizi beynəlxalq arenada təmsil edirlər.

Budəfəki yarışda da Azərbaycan komandaları uğurlu çıxışla yadda qalıblar. Kişilər arasında voleybol və basketbol yarışlarında Fövqəladə Hallar Nazirliyinin komandaları bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıblar.

FHN-in əməkdaşı Əli Bayramov stolüstü tennis yarışlarında bürünc medala sahib çıxıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyası tərəfindən təşkil olunan Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş dövlət qurumları arasında dördüncü minifutbol turnirinin qalibi olmuş SOCAR minifutbol komandası isə bu turnirdə tarixi uğura imza atıb.

Final görüşündə əzmkar oyunu ilə yadda qalan SOCAR komandası futbol ölkəsi kimi tanınan Mərakeşin ən böyük media qurumlarından birini təmsil edən “Le Matin” komandası üzərində 1:0 hesabı ilə möhtəşəm qələbə qazanıb. Bu tarixi uğur sayəsində SOCAR minifotbol komandası Dünya Korporativ Oyunlarının qalibi adını qazanan ilk Azərbaycan təmsilçisi olmaqla yanaşı, turniri məğlubiyyətsiz başa vuraraq kuboka sahib çıxan ilk Azərbaycan komandası kimi də tarixə düşüb.

SOCAR 52 komandanın mübarizə apardığı turnirdə "EM ENERGIE"ni 4:0, "Crédit Agricole"u 6:3, CMS komandasını 5:2, "Rostec"i 4:1, "STELLANTIS KENITRA 1" komandasını 1:0, yarımfinalda isə "NEWREST"i 3:1 hesabı ilə məğlub edib.

Şahmat yarışlarında da Azərbaycan qızıl medala sevinib. Azərbaycan Dəmir Yollarının əməkdaşı Sənan Quluyev bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, üçüncü ADCS Dünya Korporativ Oyunları 5-7 iyun 2026-cı il tarixlərində Kasablankada keçirilib.

İdman.Biz