Fərid Qayıbov: “Aprel ayında müxtəlif idman növlərində möhtəşəm qələbələrimiz oldu”

4 May 2026 21:56
153
Fərid Qayıbov: “Aprel ayında müxtəlif idman növlərində möhtəşəm qələbələrimiz oldu”

Gənclər və İdman naziri Fərid Qayıbov aprel ayının yekunları ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz bildirir ki, nazir ötən ayı “fəaliyyətlər və nailiyyətlərlə zəngin daha bir ay” adlandırıb.

“Ay ərzində müxtəlif idman növlərində möhtəşəm qələbələrimiz oldu. Albaniyada keçirilən Avropa çempionatında həm yunan-Roma, həm də sərbəst güləşçilərimizin uğurlu çıxışı və hər iki milli komandamızın qitə çempionu adına layiq görülməsi hər birimizi sevindirdi. Sərbəst güləş üzrə millimizin 6-cı dəfə Avropa çempionu kimi zirvəyə yüksəlməsi, medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsinə nail olması da mühüm uğurdur”, - o bildirib.

Nazir dövlət başçısı İlham Əliyevin Avropa çempionatının qaliblərini qəbul edərək təbrik etməsinə də toxunub: “Ölkə rəhbərinin qalib idmançılarımızla görüşü idmana göstərilən yüksək səviyyədə dövlət qayğısının növbəti nümunəsi oldu. Güləşçilərimizi, eləcə də Braziliyada keçirilən boks üzrə Dünya Kubokunda 3 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında ikinci yeri tutan kişilərdən ibarət milli komandamızı təbrik edir, onlara daha böyük uğurlar arzulayıram”.

Xəbər verildiyi kimi, nazir Fərid Qayıbov ötən ay Türkiyəyə səfəri çərçivəsində İstanbul şəhərində “İdmanla əlaqəli bakalavr proqramlarında antidopinq biliklərinin gücləndirilməsi və təhsil potensialının artırılması” mövzusunda seminarın açılış mərasimində UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının (COP10) sədri qismində iştirak edib.

“Həmçinin Antalyada keçirilən Beynəlxalq Etnosport Forumunda çıxış etdik, eləcə də Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan və İran İslam Respublikasının gənclər və idman naziri Əhməd Dünyamalı ilə ikitərəfli görüşlər keçirdik. Səfər çərçivəsində Antalyada beynəlxalq turnirdə iştirak edən “Qarabağ” FK-nın U-12 və “Sabah” FK-nın U-14 komandaları ilə görüşdük. Həmçinin TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Türkiyə–Azərbaycan final oyununu izlədik və qaliblərin təltifetmə mərasimində iştirak etdik”, - nazir qeyd edib.

Fərid Qayıbov ölkəmizə təşkil edilən yüksək səviyyəli səfərlərə də yer ayırıb: “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay, Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı üçün Bakıya səfər etmiş Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes, eləcə də İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Berlian Helmi ilə görüşlərdə qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etdik. Həmçinin Türkiyə ilə mövcud mütəxəssis mübadiləsi çərçivəsində Bakıya səfər etmiş nümayəndə heyəti ilə görüşlərdə fikir mübadiləsi apardıq”.

“Beynəlxalq arenada uğur qazanan idmançılarımızla növbəti görüşümüzü keçirdik və onların qələbə təəssüratlarını dinlədik.

Boks və qolf federasiyalarının ümumi yığıncaqları keçirilərək ötən dövr üzrə fəaliyyətlər müzakirə olundu və seçkilər baş tutdu. Yenidən federasiya prezidenti seçilən Sahil Babayevin və Rauf Xəlilovun rəhbərliyi altında görülən işlərin uğurla davam edəcəyinə inanıram və yeni uğurlar arzulayıram. Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun Avropa Badmintonu Direktorlar Şurasının üzvü seçilməsi beynəlxalq qurumların idarəçiliyində ölkəmizin təmsil olunması baxımından növbəti uğurdur, - nazir əlavə edib.

F.Qayıbov vurğulayı ki, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin miqyası da genişlənməkdədir: “Bakıda təşkil olunan bədii gimnastika üzrə FIG Dünya Kuboku və “Baku Open” Beynəlxalq Şahmat Festivalı, Gəncədə təşkil olunan cüdo üzrə yeniyetmələrin Avropa Kuboku və digər beynəlxalq yarışlar uğurla davam etdi. Avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının coğrafiyası da ildən-ilə genişlənir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan yarış ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarında start götürdü, Suqovuşanda davam edərək Mingəçevirdə başa çatdı. Artıq sürətli inkişaf nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə həyat canlanır və idman federasiyalarımızın həmin bölgələrdə təşkil etdiyi idman tədbirlərinin də sayı artır”.

“Bu ay bir sıra daxili yarışlarla da zəngin oldu. Bir çox yarışların daha maraqlı təşkili tamaşaçıların da marağına səbəb olur. Bu da əlbəttə ki, çox vacibdir. Belə yarışlardan voleybol üzrə ölkə çempionatının finalı, bodibildinq və fitnes üzrə ölkə kuboku və digər tədbirləri qeyd etmək olar. Yarışların təşkilində yeniliklərə nail olan hər bir federasiyamızı təbrik edirəm.

Dövlət başçısının müvafiq Sərəncamına əsasən, əhalinin regionlarda sağlam həyat tərzinə təşviqi məqsədilə həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində bu dəfə İsmayıllı şəhərində yaradılmış yeni idman meydançasını istifadəyə verdik. Qeyd edim ki, həmin Sərəncamın icrası çərçivəsində istifadəyə verilən sayca 4-cü “Sağlam məhəllə”dir”, - gənclər və idman naziri qeyd edib.

Nazir Bakıda keçiriləcək UFC tədbiri barədə də qeydlərini bölüşüb: “Ötən il Bakıda təşkil olunan UFC döyüş gecəsi təkcə paytaxtımızda deyil, bütün dünyada böyük maraqla qarşılanmışdı. 14 mindən çox tamaşaçı döyüş gecəsini Bakı Kristal Zalında canlı izləmişdi. İdman həvəskarlarının bu möhtəşəm tədbiri yenidən ölkəmizdə görmək istəyi artıq reallaşdı. UFC təşkilatı ilə imzalanmış çoxillik əməkdaşlıq müqaviləsinə əsasən, 2028-ci ilədək Bakı hər il “UFC Fight Night” tədbirlərinə ev sahibliyi edəcək. Bu çərçivədə ilk tədbir cari ilin iyunun 27-də Milli Gimnastika Arenasında “UFC Fight Night Baku” adı ilə təşkil olunacaq. Las-Veqasda keçirilən görüş zamanı UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə tərəfdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə etdik”.

İdman.Biz