Niyə bütün istedadlı uşaqlar çempion olmur? - İDMAN.BİZ-in TƏHLİLİ

4 May 2026 14:05
176
Niyə bütün istedadlı uşaqlar çempion olmur? - İDMAN.BİZ-in TƏHLİLİ

Uşaqları peşəkar idmana yönləndirən valideynlər çox vaxt böyük bir arzu ilə yaşayırlar: bir gün övladlarının dünya arenasına çıxacağını xəyal edirlər. Bu məqsədlə onlar ən yaxşı məşqçiləri, idman bölmələrini və imkanları axtarırlar. Lakin uğurun ideal formulunu tapmağa çalışarkən ailələr tez-tez müəyyən suallarla qarşılaşırlar.

Məsələn, daha vacib olan nədir: mümkün qədər tez bir idman növünə fokuslanmaq, yoxsa uşağın hərtərəfli inkişafına şərait yaratmaq?

İdman.Biz xəbər verir ki, bu suala cavab vermək üçün Avstriya, Almaniya və ABŞ-dən olan bir qrup tədqiqatçı “Yeniyetmə və böyüklər idmançıları üçün uğura aparan amillər fərqlidir: idman hazırlığı ilə bağlı araşdırmaların ümumi təhlili” adlı araşdırma aparıb. Məqalə “Sports Medicine” elmi jurnalında dərc olunub.

Alimlər yerli yarışlardan Olimpiya səviyyəsinədək müxtəlif səviyyələrdə çıxış edən 9 mindən çox idmançının məlumatlarını təhlil ediblər. Onların idman yolunu araşdıraraq, hansı yaşda başladıqlarını, nə qədər məşq etdiklərini, necə inkişaf etdiklərini və başqa idman növlərində özlərini sınayıb-sınamadıqlarını öyrəniblər. Daha sonra bu amilləri idmançıların həm yeniyetməlik, həm də böyüklər dövründə əldə etdikləri uğurlarla müqayisə ediblər.

Nəticələr isə birmənalı olmayıb.

Bir tərəfdən, yeniyetmə yaşda uğur daha çox erkən başlayan və uşaqlıqdan bir idman növünə fokuslanan idmançılara nəsib olur. Daha çox məşq daha yüksək nəticə deməkdir və ilk baxışdan bu yanaşma məntiqli görünür. Amma məsələ əslində o qədər də sadə deyil.

Böyüklər idmanında vəziyyət demək olar ki, əksinədir. Dünya səviyyəsinə yüksələn idmançılar adətən uşaqlıqda yalnız bir idman növü ilə məhdudlaşmayıblar. Onlar müxtəlif idman növlərini sınayıb, daha gec ixtisaslaşıb və daha tədricən inkişaf ediblər. Məhz buna görə də böyüklər yaşında yüksək nəticə göstərə biliblər. Bu fərq milli və dünya səviyyəli idmançıların müqayisəsində daha aydın görünür.

Digər maraqlı nəticə budur ki, həyət oyunları və məşqçisiz qeyri-rəsmi məşğələlər elit nəticələrə ciddi təsir göstərmir. Yəni bunlar təkbaşına uğurun əsas amili deyil. Bununla belə, bu nəticəni tam təsdiqləmək üçün daha geniş araşdırmalara ehtiyac var.

Eyni zamanda, bu qanunauyğunluqlar demək olar ki, bütün idman növlərində müşahidə olunur - həm komanda idmanlarında, həm fərdi idmanlarda (qaçış, döyüş növləri və s.), həm də gimnastika və fiqurlu konkisürmə kimi bədii idman sahələrində.

Tədqiqatın əsas nəticəsi belədir: erkən ixtisaslaşma yeniyetmə yaşda uğur qazandırsa da, böyüklər idmanında uğura zəmanət vermir. Uzunmüddətli və uğurlu karyera üçün uşaqlıqda geniş idman təcrübəsi və hərtərəfli inkişaf daha vacibdir.

Bunun səbəbi də var. Alimlər izah edirlər ki, erkən yaşlarda həddindən artıq yüklənmə çox vaxt zədələrə və emosional tükənməyə gətirib çıxarır. Bundan başqa, uşaq yalnız bir idman növünə yönəldildikdə, onun bu sahəyə uyğun olub-olmadığını və potensialını tam göstərə bilib-bilmədiyini müəyyən etmək çətin olur. Əksinə, müxtəlif idman təcrübələri daha çox bacarıq formalaşdırır və idmançı sonradan seçdiyi sahədə bu bacarıqlardan istifadə edir.

Əlbəttə, bu tədqiqatın da müəyyən məhdudiyyətləri var. Lakin onun nəticələri xüsusilə Azərbaycan reallığında düşündürücüdür.

Çox vaxt azərbaycanlı valideynlər uşaqları kiçik yaşlardan bir idman növünə yönəldir və bəzən həddindən artıq yükləyirlər. Bu zaman təhsil ikinci plana keçir, istirahətə və digər maraqlara isə demək olar ki, vaxt qalmır. Nəticə dalınca qaçarkən uşaqlar həm hərtərəfli inkişafı, həm də prosesdən zövq almağı itirirlər.

Nəticədə isə vəziyyət çox vaxt ürəkaçan olmur: uşaq böyüdükcə idmana marağını itirir, tükənir və ya bu sahədən uzaqlaşır. Daha sonra isə nə sabit karyera, nə də aydın gələcək planı qalır.

Elə buna görə də bir çox məşqçi “yeniyetmələrdən kim ulduz olacaq?” sualına konkret cavab verməkdən çəkinir. Çünki bu yaşda verilən proqnozlar çox vaxt özünü doğrultmur - böyüklər idmanında hər şey dəyişə bilər.

Bəli, uşaqlıqdan yalnız məşqlə böyük uğur qazanan idmançılar da var. Amma bu zaman başqa bir sual ortaya çıxır: bu yanaşma səbəbindən neçə potensial çempionu itirmişik?

Məsələn, Avropada futbol sahəsində daha uğurlu ölkələr uşaqları erkən yaşda həddindən artıq yükləməməyə çalışır. Orada məşqlər daha çox oyun formasında keçirilir və sərt rəqabət mühitinə çevrilmir. Əsas diqqət qısa müddətli nəticəyə yox, uzunmüddətli inkişafa yönəlir.

Bəlkə də bu, özümüzə veriləcək ən vacib sualdır: erkən qələbələrə can atmaqla doğrudanmı doğru yol seçirik? Yoxsa bəzən yavaşlamaq, uşağa inkişaf etmək, sınamaq və özünü tapmaq üçün vaxt vermək daha düzgün yanaşmadır?

İdman.Biz