Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti idman sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə Türkiyənin Trabzon şəhərində olublar. Səfər zamanı iki qardaş ölkə arasında gənclər və idman sahəsində mövcud imkanlar və gələcək layihələr müzakirə olunub.
İdman.Biz xəbər verir ki, nümayəndə heyəti Trabzon Gənclik və İdman Vilayət Müdirliyində keçirilən görüşlərdə iştirak edərək, şəhərin müasir idman və gənclər infrastrukturu obyektləri ilə yaxından tanış olub. Proqram çərçivəsində rəsmilər Faroz Futbol Sahəsində 20 komandanın mübarizə apardığı gənclər turnirinin açılış mərasiminə də qatılıblar.
Səfərin yekun günündə Trabzon Həvəskar İdman Klubları Federasiyasında keçirilən konfransda yerli futbol klublarının fəaliyyəti və onların inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, qarşılıqlı əməkdaşlığın davamı olaraq, Trabzonu təmsil edən nümayəndə heyətinin bu ilin may ayında Qazax rayonuna səfər edəcəyi planlaşdırılır.
