Hər il idmanın müxtəlif istiqamətləri daha da gəncləşir: uşaqlar bölmələrə getdikcə daha erkən yaşda cəlb olunur, beynəlxalq yarışlarda isə çox vaxt yeniyetmə idmançılar qalib gəlirlər. Məsələn, fiqurlu konkisürmədə böyük idmana çıxış üçün yaş həddi mərhələli şəkildə artırılıb – əvvəlcə 16 yaşa, 2024/25 mövsümündən isə 17 yaşa qaldırılıb. Bu qərar həm də idmançıların fiziki və psixoloji sağlamlığının qorunması ilə bağlıdır.
Bəs idmana nisbətən gec yaşda başlamaq qərarı verənlər nə etsin?
İdman.Biz 35 yaşdan sonra belə peşəkar səviyyədə məşğul olmağın mümkün olduğu idman növlərinin siyahısını hazırlayıb. Bununla yanaşı qeyd etmək vacibdir ki, bu, qismən redaksiyanın subyektiv baxışıdır və istənilən yaşda idman nəticələri bir çox amildən - məşq rejimindən, fiziki hazırlıqdan, genetikadan və ölkədə idmanın inkişaf şəraitindən asılıdır.
Atıcılıq – istər odlu silahla, istərsə də oxatma – başlanğıc baxımından ən əlçatan idman növlərindən biri hesab olunur. Bu sahə də hazırlıq, diqqət və psixoloji sabitlik tələb edir, lakin yaş burada hər zaman əsas maneə olmur. Parlaq nümunə kimi türkiyəli atıcı Yusuf Dikeç göstərilə bilər. O, 2024-cü ildə Paris Olimpiadasında 10 metr məsafəyə pnevmatik tapançadan qarışıq komanda yarışında gümüş medal qazanıb. Həmin vaxt onun 51 yaşı var idi və o, Türkiyənin ən yaşlı olimpiya medalçısı olub.
Şahmat da bu siyahıya daxil edilə bilər. Bu oyunda tez-tez yeniyetmələr qalib gəlsə də, bu cür partiyalar nəsillər arasındakı fərqlə bağlı müzakirələr doğurur. Tarixin ən gənc qrossmeysteri, ABŞ təmsilçisi Abhimanyu Mişra bu titulu 12 yaş 4 ay 25 günlüyündə qazanıb. Bununla belə, şahmata böyüklər yaşında başlamaq və turnirlərdə iştirak etmək də mümkündür. Bu, dərhal elit səviyyəyə yüksəlmək demək olmasa da, inkişaf etmək, turnirlər qazanmaq və pillə-pillə irəliləmək tam real hədəfdir.
Bəzi idman növləri isə daha çox yetkin insanlarla assosiasiya olunur – məsələn, bilyard və qolf. Bu növlərdə strategiya, dəqiqlik, soyuqqanlılıq və koordinasiya ön plana çıxır. Qolf həm də olimpiya idman növüdür. Buna nümunə kimi amerikalı qolfçu Cim Albus göstərilə bilər. O, 28 yaşında peşəkar olub, əsas uğurlarını isə 50 yaşdan sonra əldə edib və 60 yaşdan sonra da yarışlarda iştirakını davam etdirib.
Fiziki baxımdan daha ağır idman növlərində isə böyüklər üçün sıfırdan başlamaq adətən daha çətindir, çünki erkən yaşda başlayanlarla rəqabət aparmaq asan olmur. Bu növlər daha çox artıq idman bazası olanlara və ya başqa sahədən keçid edənlərə uyğundur. Belə hallarda velosiped idmanı, uzun məsafəyə qaçış, triatlon və avarçəkmə kimi dözümlülüyün və nizam-intizamın vacib olduğu növlərə üstünlük vermək məsləhətdir. Avarçəkmədə başqa sahələrdən gəlib ciddi nəticə qazanan idmançılar da az deyil. Məsələn, ikiqat olimpiya çempionu Helen Glover.
Ayrıca olaraq güc və təmas idman növlərini də qeyd etmək lazımdır: braziliya ciu-citsusu, MMA, bodibildinq və pauerliftinq. Bu sahələrdə erkən startdan daha çox sistemli məşq, texnika və bərpa prosesi önəmlidir. Fiziki hazırlığı olan və məşqlərə düzgün yanaşan şəxslər üçün gec başlamaq problem sayılmır.
Azərbaycan üçün o qədər də populyar olmayan, lakin yaxşı karyera imkanları təqdim edən sahələr də var: boulinq, idman oriyentiri, darts və idman balıqçılığı. Bu, nisbətən niş sahələr olsa da, burada da rəqabət mühiti və beynəlxalq yarışlara qədər yüksəlmək imkanı mövcuddur.
Nəhayət, müasir dövrdə ən sürətlə inkişaf edən sahələrdən biri də kibersportdur. Burada reaksiya, diqqət, sabitlik, eləcə də keyfiyyətli avadanlıq və ciddi məşq yanaşması böyük rol oynayır. Düzgün yanaşma ilə bu sahədə də ciddi nəticələr əldə etmək mümkündür.
Ümumilikdə, böyüklər üçün əsas məsələ yaşdan çox, məşqə nə qədər vaxt, enerji və səbr ayırmağa hazır olduqlarıdır. Əgər motivasiya kifayət qədər güclüdürsə, yaş maneədən çox nəzərə alınmalı amillərdən birinə çevrilir.
