Azərbaycan idmançılarının 2023-cü ildə qazandığı medalların sayı açıqlanıb - REKORD

Xəbərlər
29 Dekabr 2023 15:18
433
Azərbaycan idmançılarının 2023-cü ildə qazandığı medalların sayı açıqlanıb - REKORD

Azərbaycan idmançılarının 2023-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb.

Gənclər və İdman Nazirliyindən İdman.bizə verilən məlumata görə, milli komandalarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1472 medal qazanıblar.

Bu, Azərbaycan idman tarixində rekord göstəricidir. Bunun 799-u (214 qızıl, 208 gümüş, 377 bürünc) Olimpiya, 587-si (223 qızıl, 159 gümüş, 205 bürünc) qeyri-Olimpiya, 86-sı (27 qızıl, 31 gümüş, 28 bürünc) paralimpiya proqramının payına düşür.

Sərbəst güləşdə Əliabbas Rzazadə, Hacı Əliyev, qadın güləşində Mariya Stadnik, yunan-Roma güləşində Həsrət Cəfərov, Ülvü Qənizadə, bədii gimnastikada qrup hərəkətləri komandamız, cüdoda Hidayət Heydərov, Zelim Kotsoyev Avropa çempionu adını qazanıblar. Ümumilikdə isə Olimpiya idman növlərində böyüklər arasında Azərbaycan idmançıları atıcılıq, bədii gimnastika, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi və cüdo idman növlərində 8 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıblar.

Dünya çempionatında da uğurla çıxış edən Azərbaycan idmançıları Olimpiya idman növlərində 2 qızıl, 6 gümüş və 5 bürünc medal əldə ediblər. Güləşçilər Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu adını qazanıblar. Alfonso Dominges (boks), Murad Məmmədov (yunan-Roma güləşi), Həsrət Cəfərov (yunan-Roma güləşi), Sənan Süleymanov (yunan-Roma güləşi), Osman Nurməhəmmədov (sərbəst güləş), Maqomedxan Maqomedov (sərbəst güləş) gümüş medal, Dadaş Dadaşbəyli (ağırlıqqaldırma), Aynur Rzayeva (boks), Məhəmməd Abdullayev (boks), Zelim Kotsoyev (cüdo) bürünc medala sahib olublar.

ll MDB Oyunları çərçivəsində MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasının Minskdə keçirilən iclasında Azərbaycanın Gəncə şəhəri 2025-ci il üçün “MDB-nin İdman Paytaxtı” seçilib.

Azərbaycan idmançıları il ərzində Polşada keçirilən III Avropa Oyunlarında 11 medal (3 qızıl, 2 gümüş, 6 bürünc), Sloveniyada XVII Avropa Gənclər Olimpiya Festivalında cüdoçularımız ümumilikdə 3 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. Çində Tələbələrin 31-ci Yay Universiadasında 9 medala (3 gümüş, 6 bürünc), Belarusda keçirilən II MDB Oyunlarında 62 medala (10 qızıl, 17 gümüş və 35 bürünc), Yekaterinburqda keçirilən Beynəlxalq Universitet İdman Festivalında 27 medala (3 qızıl, 8 gümüş, 16 bürünc), Qazaxıstanın Türkistan vilayətində keçirilən II Türk Dövlətləri Universiadasında isə ümumilikdə 26 medala (7 qızıl, 7 gümüş, 12 bürünc) sahib olublar.

2024-cü ildə Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarına Azərbaycan idmançıları il ərzində 9 lisenziya qazanıblar. Güllə atıcılığında Ruslan Lunev, boksda Murad Allahverdiyev və Məhəmməd Abdullayev, atletikada Anna Skidan, bədii gimnastikada Zöhrə Ağamirova, sərbəst güləşdə Maqomedxan Maqomedov, yunan-Roma güləşində Həsrət Cəfərov və Sənan Süleymanov, taekvondoda isə Qaşım Maqomedov Paris-2024-ə lisenziyanı təmin ediblər. Paralimpiyaçılarımız isə hələlik 6 lisenziya qazanıblar.

Qeyd edək ki, idmançılarımız ötən il 837 mükafat qazanıb. Bunun 356-sı (116 qızıl, 101 gümüş, 139 bürünc) olimpiya, 384-ü (110 qızıl, 105 gümüş, 169 bürünc) qeyri-olimpiya, 97-si (44 qızıl, 18 gümüş, 35 bürünc) paralimpiya proqramının payına düşüb.

İdman.biz