Ümumdünya Antidopinq Agentliyi (WADA) ABŞ-nin üzvlük haqqını ödəməməsi səbəbindən ölkə prezidenti Donald Tramp və ABŞ rəsmilərinin 2026-cı il futbol üzrə dünya çempionatına və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmasına qadağa qoymağı planlaşdırmadığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl “Associated Press” agentliyinin jurnalisti Eddi Pells yazısında Tramp və ABŞ rəsmilərinin WADA-ya illik ödənişin edilməməsi səbəbindən dünya çempionatı oyunlarına və Los-Anceles Olimpiadasına buraxılmaya biləcəyini iddia etmişdi. Onun sözlərinə görə, məsələ WADA İcraiyyə Komitəsinin yaxın iclasında müzakirə oluna bilərdi.
WADA isə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Qurum qeyd edib ki, məqalə dərc olunmamışdan əvvəl agentliyin nümayəndələri jurnalistə izah veriblər və mümkün dəyişikliklər müzakirə olunsa belə, qaydaların geriyə şamil edilməyəcəyini bildiriblər.
Agentliyin açıqlamasında vurğulanıb ki, buna görə də nə 2026-cı il dünya çempionatı, nə də 2028-ci il Los-Anceles Olimpiadası bu məsələyə aid deyil. WADA həmçinin bildirib ki, jurnalist həmin məqamı məqaləsində qeyd etməyib və bu, materialın etibarlılığına mənfi təsir göstərib.
