“Tələbələri dünya mediası üçün hazırlayırdıq, amma nəticə gözlədiyimiz kimi olmadı” - ASA rektorunun İDMAN.BİZ-ə AÇIQLAMASI

14 Mart 2026 16:05
75
“Tələbələri dünya mediası üçün hazırlayırdıq, amma nəticə gözlədiyimiz kimi olmadı” - ASA rektorunun İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev ingilisdilli “İdman jurnalistikası” magistr proqramının gözləntiləri tam doğrultmadığını bildirib.

Fuad Hacıyev İdman.Biz-ə açıqlamasında qeyd edib ki, problemlər artıq qəbul mərhələsindən başlayır:

“Biz abituriyentlərdən ingilis dili üzrə IELTS imtahanından ən azı 6,5 bal tələb edirik. Ölkədə isə bu göstəriciyə malik 10 nəfəri belə cəlb etmək çətin olur. Bəzən cəlb edə bilirik, lakin istədiyimiz nəticəni görmürük”.

Rektorun sözlərinə görə, akademiya idman jurnalistikası sahəsində təhsilin inkişafı üçün bir sıra mühüm addımlar atıb. Bu proqram çərçivəsində ölkəyə Dan Mason dəvət olunub, Böyük Britaniyanın Sheffield Hallam University universitetinin standartları tətbiq edilib. Həmçinin BBC studiyasının meneceri və digər britaniyalı mütəxəssislər tədris prosesinə cəlb olunub. Bundan başqa, akademiyada radio və televiziya avadanlıqları ilə təchiz olunmuş multimedia mərkəzi yaradılıb.

“Biz tələbələrimizi təcrübə keçmək üçün BBC-nin mərkəzi ofisinə göndərmişdik. Onlar Chelsea F.C. və Arsenal F.C. stadionlarında, eləcə də iri idman obyektlərində olublar. Məqsədimiz o idi ki, 3–5 ildən sonra məzunlarımız BBC və ya CNN kimi qurumlarda idman jurnalisti kimi fəaliyyət göstərsinlər. Lakin gözlədiyimiz nəticəni əldə edə bilmədik. Bununla belə, müəyyən uğurlar da var - məzunlarımızdan bəziləri Şərq ölkələrində çalışır”, - deyə rektor əlavə edib.

Fuad Hacıyev hesab edir ki, bu məsələ daha geniş bir sualı gündəmə gətirir:

“Məsələn, səhiyyə sahəsində yaxşı jurnalist hansı ixtisas üzrə təhsil almalıdır? O, tibb universitetini bitirməlidir, yoxsa jurnalistika fakültəsini? Eyni sual idman jurnalistikasına da aiddir: yaxşı idman jurnalisti keçmiş idmançıdan formalaşır, yoxsa jurnalistika təhsili almış birindən? Əvvəlcə bu suala cavab tapmalıyıq, ondan sonra sistem düzgün işləyəcək”.

Bununla yanaşı, rektor qeyd edib ki, akademiyada digər istiqamətlərdə - xüsusilə idman təbabəti və idman menecmenti sahələrində problemlər müşahidə olunmur.

Hacıyev beynəlxalq layihələrdən biri kimi “Fizioterapiya” bakalavr proqramını da nümunə göstərib. Proqramın kuratoru Avstriyanın Complex Core+ təşkilatının icraçı direktoru Roman Yagodadır. Onun sözlərinə görə, bu proqram üzrə dərs deyən müəllimlər arasında Avropadan dəvət olunmuş mütəxəssislər və professorlar var.

“Bu, çox uğurlu layihədir. Cari tədris ilində proqram üzrə 40 tələbəmiz var və onların hamısı qəbul zamanı 450-dən yüksək bal toplayıblar. Fizioterapiya ixtisasını seçən tələbələr artıq təhsil dövründə işləməyə başlayırlar. Çünki əmək bazarında bu sahəyə böyük tələbat var. Onlar akademiyanın elmi-tədqiqat laboratoriyasında, Milli Elmi-Praktiki İdman Təbabəti və Reabilitasiya İnstitutunda və digər qurumlarda fəaliyyət göstərirlər”, - deyə rektor bildirib.

Sonda Fuad Hacıyev əlavə edib ki, akademiya hazırda təxminən 50 universitetlə əməkdaşlıq edir. Hazırda isə Charles University və Azərbaycan Tibb Universiteti ilə birlikdə fizioterapiya ixtisası üzrə üçqat diplom proqramının həyata keçirilməsi istiqamətində iş aparılır.

İdman.Biz