Sumqayıtda elektrik borcu stadionu işıqsız qoydu

29 Aprel 2026 17:11
181
Sumqayıtda elektrik borcu stadionu işıqsız qoydu

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda elektrik enerjisinin kəsilməsi səbəbindən idmançıların məşqləri dayandırılıb.

İdman.Biz-in məlumatına görə, stadionun elektrik təchizatı borca görə dayandırılıb və idmançılar artıq bir neçə gündür burada məşq edə bilmirlər.

Nəticədə stadion ərazisində fəaliyyət göstərən cüdo və boks təlim mərkəzləri, eləcə də Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi fəaliyyətini müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb.

Məsələ ilə bağlı “kimyaçılar”ın mətbuat xidmətindən İdman.Biz-in sorğusuna cavab olaraq bildirilib ki, stadion “Sumqayıt” FK-nın balansında deyil və klub burada yalnız icarəçi qismində ev oyunlarını keçirir.

Əldə etdiyimiz məlumata görə, sözügedən stadion Sumqayıt şəhər İcra Hakimiyyətinin balansındadır.

Qeyd edək ki, stadionda elektrik enerjisinin borca görə kəsilməsi barədə məlumatı ilk olaraq sumqayit24.az saytı yayıb.

İdman.Biz