Bu gün Bədən Tərbiyəsi və İdman Günüdür

5 Mart 2026 10:45
108
Bu gün Bədən Tərbiyəsi və İdman Günüdür

Hər il 5 mart Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.

İdman.Biz xəbər verir ki, bu tarix Azərbaycan prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən keçirilir.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də dövrün ölkə prezidenti Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkədə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı.

Müasir Azərbaycanda idman artıq təkcə fiziki fəaliyyət deyil, həm də dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə ölkədə inşa olunan Olimpiya İdman Kompleksləri, beynəlxalq yarışlara ev sahibliyi və idmançılarımızın dünya arenasındakı uğurları bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

Azərbaycan idmançıları Olimpiya və Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında mühüm nailiyyətlər əldə edərək üçrəngli bayrağımızı zirvələrə qaldırıblar. Bu uğurların arxasında isə illərin zəhməti, sistemli hazırlıq prosesi və idman infrastrukturunun gücləndirilməsi dayanır.

İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib. Həmin idman mərkəzləri indi uğurla fəaliyyət göstərir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini verib.

Bu il isə Azərbaycan idmanında daha bir qürurverici hadisə baş verib: Bakı 2026-cı il üçün "Dünya İdman Paytaxtı" seçilib. Bu prestijli status Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası (ACES) tərəfindən Bakının idman infrastrukturu, sosial idman təşəbbüsləri və beynəlxalq yarış təşkilatçılığı bacarığı nəzərə alınaraq verilmişdir. Rəsmi olaraq titul Monakodan Bakıya təhvil verilib, bu da Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əyani göstəricisidir.

Eyni zamanda, 2026-cı il üçün Qazax şəhəri də Azərbaycanda “İdman Paytaxtı” elan olunub və bu çərçivədə rayonda idmanın inkişafına yönəlmiş müxtəlif tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

2026-cı ilin 30 aprel - 3 may tarixlərində Bakı, ritmik gimnastika üzrə Avropa Kubokuna ev sahibliyi edəcək. Bu turnir Milli Gimnastika Arenasında keçiriləcək və Avropanın ən yaxşı gimnastlarının çıxışlarına şahidlik edəcək.

2026-cı il mayın 24-28-də "Bakı SportAccord Dünya İdman və Biznes Sammiti"ni qəbul edəcək - bu, idman sənayesi və beynəlxalq federasiyaların bir araya gəldiyi ən prestijli platformalardan biridir. Konfransda dünya idman qurumlarının rəhbərləri, beynəlxalq təşkilatlar və sponsorlar iştirak edəcək.

Hər il olduğu kimi, bu il də Baku City Circuit dünyanın diqqətini avtomobil idmanına yönəldəcək. 2026-cı ildə yarış xüsusi olaraq şənbə günü keçiriləcək və bu "Formula-1" mövsümünün mühüm mərhələlərindən biri olacaq.

Bundan əlavə, Azərbaycan futbolu üçün daha bir tarixi hadisə də qarşıdadır. FIFA U-20 Dünya çempionatı 2027 final mərhələsi Azərbaycan və Özbəkistan tərəfindən birgə təşkil olunacaq. Turnir 20 yaşadək futbolçular arasında keçirilən mundialdır və yarış FIFA tərəfindən təşkil edilir. Bu mötəbər çempionatın ölkəmizdə keçirilməsi Azərbaycanın idman infrastrukturu və beynəlxalq turnirləri yüksək səviyyədə təşkil etmək bacarığının daha bir göstəricisidir. Eyni zamanda, bu yarış yerli futbolun inkişafına, gənc istedadların stimullaşdırılmasına və ölkəmizin futbol xəritəsində mövqeyinin daha da güclənməsinə ciddi təkan verəcək.

İdman.Biz