Enrike PSJ-dən narazıdır: “Qələbəyə rəğmən qəzəbli idim”

1 Mart 2026 10:43
83
Enrike PSJ-dən narazıdır: “Qələbəyə rəğmən qəzəbli idim”

PSJ futbol klubunun baş məşqçisi Luis Enrike Liqa 1-də “Le Havr” üzərində qazanılan səfər qələbəsinə baxmayaraq, komandasının oyunundan ciddi narazılıq edib.

İdman.Biz xəbər verir ki, turnir cədvəlində dörd xallıq fərqlə liderliyini möhkəmlədən Paris təmsilçisinin çıxışı ispaniyalı mütəxəssisi qane etməyib. Oyundan sonra media mənsublarına açıqlama verən Enrike futbolçularının özünəinamını itirdiyini bildirib.

“Matçın böyük hissəsində çox qəzəbli idim. Biz daha çoxuna layiq idik. Futbolçularımın özünəinamını bərpa etməsini istəyirəm. Başda mən olmaqla, hamımız inkişaf etməliyik”, - deyə baş məşqçi vurğulayıb.

PSJ-nin cəmi bir qol vurduğu və penaltidən yararlana bilmədiyi matçda Enrike dəqiqliyin çatışmadığını qeyd edib:

“Qələbəyə tam layiq idik, çoxlu şanslarımız oldu, lakin qol vurmaq üçün daha soyuqqanlı olmaq lazımdır. Bu, daxili bir mübarizədir. Əgər belə oyunlarda əziyyət çəkmək istəmirsənsə, daha dəqiq oynamalısan. Komandamın istəyi və münasibəti ilə bağlı heç bir problem yoxdur, sadəcə dəqiqlik çatışmadı”.

Qeyd edək ki, Luis Enrike həm Liqa 1, həm də Çempionlar Liqasındakı hədəflər üçün rotasiyaların və oyunçuların fiziki vəziyyətinin idarə olunmasının vacib olduğunu da əlavə edib.

İdman.Biz