“Təməldən təfərrüata” kitabının təqdimatı keçirildi - VİDEO

28 Fevral 2026 11:38
79
“Təməldən təfərrüata” kitabının təqdimatı keçirildi - VİDEO

“Baku Book Center”də Azərbaycan İdman Akademiyasının (ASA) Fizioterapiya təhsil proqramı üzrə məsul şəxs, Avstriyanın Complex Core+ təşkilatının icraçı direktoru Roman Yahodanın müəllifi olduğu “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, səhiyyə naziri Teymur Musayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, ASA-nın rektoru Fuad Hacıyev, bir sıra dövlət qurumlarının məsul şəxsləri, hərbçilər, qazilər, Akademiyanın əməkdaşları, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda bildirilib ki, kitabda öz əksini tapmış kompleks reabilitasiya və bərpa məşq hərəkətləri əsasında, Böyük Britaniyanın UCL Universitetinin protokollarına istinad olunaraq, həmin universitetin professoru, Akademiyanın magistr proqramının rəhbəri Mayk Luzmorun rəhbərliyi ilə ASA-nın İdman tibbi tədqiqatları laboratoriyasının əməkdaşları, “İdman tibbi və reabilitasiya” magistr proqramının məzunları və Roman Yahodanın komandası tərəfindən hərbi qulluqçuların və qazilərin reabilitasiyası, eləcə də milli yığma komandaların idmançılarının funksional diaqnostikası və tibbi-bioloji müşayiəti həyata keçirilib.

Müharibə və post-müharibə dövründə reabilitasiyadan keçən 110 hərbi qulluqçunun 75 faizi sağlamlığı bərpa olunduqdan sonra yenidən ordu sıralarına qayıdıb.

İdman tibbi tədqiqatları laboratoriyasında müxtəlif idman növləri üzrə milli federasiyaların və klubların ümumilikdə 500-dən çox idmançısının funksional diaqnostikası və tibbi-bioloji müşayiəti təmin edilib.

ASA və “ComplexCore”un birgə layihəsi olan bu kitab ölkəmizdə sözügedən sahə üzrə çap edilmiş ilk tədris vəsaiti hesab olunur. Nəşrdə reabilitasiya, idman məşqi və fiziki hərəkətlər mövzusuna uyğun foto çəkilişlər tələbələrin iştirakı ilə MediaLab-da həyata keçirilib, tərtibat işləri isə İdman Akademiyasında idman jurnalistikası magistrlərinin vasitəsilə aparılıb. Kitab tələbələr üçün dərs vəsaiti olmaqla yanaşı, fizioterapistlər, məşqçilər və fitnes mütəxəssisləri üçün gündəlik fəaliyyətlərində praktik bələdçi rolunu oynayacaq.

Qeyd edək ki, təqdimatın sonunda müəllif oxucular üçün kitabları imzalayıb, onların suallarını cavablandırıb və xatirə fotosu çəkdirilib.

İdman.Biz