“Uilyams”ın ehtiyat sürücüsü Lyuk Brauninq Yaponiyanın əfsanəvi Suzuka trasında keçirilən “Super Formula” testləri zamanı ağır qəzaya uğrayıb.
İdman.Biz xəbər verir ki, 24 yaşlı britaniyalı pilot trasın məşhur 130R döngəsinə yaxınlaşarkən əlverişsiz hava şəraiti səbəbindən idarəetməni itirib. Yüksək sürətlə maneələrə çırpılan bolid havaya qalxaraq bir neçə dəfə dövrə vurub və yerə tərs vəziyyətdə çırpılıb.
Xoşbəxtlikdən, zərbənin güclü olmasına baxmayaraq, Brauninq ciddi xəsarət almayıb. O, boliddən özü çıxa bilib və hadisə yerini piyada tərk edib.
Qeyd edək ki, Brauninq 2026-cı ildə “Uilyams”dakı vəzifəsi ilə yanaşı, Yaponiya seriyasında da mübarizə aparacaq. Pilot ötən mövsüm “Formula-2” çempionatında səkkiz podium və bir qələbə ilə turniri dördüncü pillədə başa vurmuşdu.
