“Red Bull” brendi oxucularını heyrətləndirəcək qeyri-adi layihəyə imza atıb. Şirkətin yeni nəşr etdiyi parlaq jurnalın üz qabığı tamfunksiyalı “Tetris” oyun konsolu rolunu oynayır. Bu innovativ ideya kağız nəşrlə rəqəmsal əyləncəni bir araya gətirir.
İdman.Biz xəbər verir ki, jurnalın üz qabığında miniatür qadcetlərin yaradıcısı Kevin Beyts tərəfindən hazırlanan “GamePop GP-1” sistemi quraşdırılıb. Mühəndis burada kövrək ekranlardan istifadə etmək əvəzinə, qalınlığı cəmi 0,1 millimetr olan elastik çap dövrə lövhəsi üzərində 180 işıq diodundan (LED) ibarət matris yığıb. Bütün konstruksiya batareyalarla birlikdə cəmi 5 millimetr qalınlığındadır və toxunuşda adi sıx karton hissi verir.
Cihazın idarəetmə sistemi də xüsusi texnologiya ilə hazırlanıb. Ənənəvi fiziki düymələri sensorlar əvəz edib. Yeddi təmas sahəsi birbaşa lövhənin mis təbəqəsində həkk olunub. Mexaniki klik səsi olmasa da, kağızın həssas elementlər üzərindəki mikrodeformasiyası real düyməyə basma illüziyası yaradır. Qeyd edək ki, bu layihə çap mediasının gələcəyi və texnoloji imkanların sərhədsizliyi baxımından böyük marağa səbəb olub.
