Bakı Marafonunun marşrut xətti açıqlanıb

22 Fevral 2026 16:44
168
Bakı Marafonunun marşrut xətti açıqlanıb

“Bakı Marafonu 2026”ya qeydiyyat başlayıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildən ənənəvi keçirilən yarış bu dəfə əsas yeniliklə yadda qalacaq. Marafon ilk dəfə 42 kilometr məsafədə tam marafon formatında və fərqli marşrut üzrə təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, yarış mayın 3-də saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürəcək. Finiş xətti isə “Sea Breeze” ərazisində olacaq.

Doqquzuncu Bakı Marafonunun marşrutu belədir: Dövlət Bayrağı Meydanı – Dənizkənarı Bulvar – Bakı Beynəlxalq Dəniz Vağzalı – Neftçilər prospekti – Bakı Ağ Şəhər bulvarı – 8 Noyabr prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti – Böyük İpək Yolu küçəsi – Müzəffər Nərimanov küçəsi – Ziya Bünyadov prospekti – Böyükşor-Pirşağı yolu – Bilgəh-Pirşağı şosesi – “Sea Breeze”.

Marafonda iştirak etmək istəyənlər aprelin 25-dək marathon.az saytı vasitəsilə, həmçinin “28 Mall”, “Dəniz Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindəki qeydiyyat məntəqələrində ödənişli qaydada müraciət edə bilərlər. Tələbələr üçün qeydiyyat pulsuzdur.

“Bakı Marafonu 2026”da kişi və qadın iştirakçılar ilk üç yer uğrunda mübarizə aparacaqlar. Hər iki kateqoriyada qaliblər pul mükafatı, hədiyyə, medal və sertifikatlarla təltif olunacaqlar.

12:10

Azərbaycanın idman tarixində yeni bir səhifə açılır.

İdman.Biz xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2026-cı il mayın 3-də Bakı marafonu çərçivəsində “Küləyə qalib gəl” şüarı altında minlərlə qaçışsevər ilk dəfə olaraq tam marafon məsafəsi – 42 kilometrlik qaçış yarışı keçiriləcək.

Gənclər və idman naziri Fərid Qayıbovun da fəxri iştirakçılar arasında olacağı bu tarixi idman hadisəsi həm peşəkar atletlər, həm də qaçış həvəskarları üçün böyük maraq kəsb edir.

Bu yarış həm dözümlülük, həm də iradənin sınağı olmaqla yanaşı, ölkədə sağlam həyat tərzinin təbliği istiqamətində atılan ən böyük addımlardan biri hesab olunur.

Qeyd edək ki, marafon mayın 3-də, saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürəcək. Finiş nöqtəsi Sea Breeze-dir.

İdman.Biz