ABŞ-nin Taho gölü yaxınlığında, Syerra-Nevada dağ silsiləsində dəhşətli faciə yaşanıb. Ekspedisiya zamanı qəfil baş verən qar uçqunu 15 nəfərlik xizəkçi qrupunu saniyələr içində qarın altına gömərək müxtəlif istiqamətlərə sovurub.
İdman.Biz xəbər verir ki, Nevada ştatının Fövqəladə Hallar İdarəsindən verilən məlumata görə, qrupun cəmi altı üzvü sağ qala bilib. Onların həyatını isə "iPhone" smartfonlarındakı peyk rabitəsi vasitəsilə göndərilən "SOS" siqnalı xilas edib.
Hava şəraitinin kəskin pisləşməsi səbəbindən xilasetmə əməliyyatı dörd saatdan çox çəkib. Hadisə yerinə çatan xilasedicilər səkkiz nəfərin cansız bədənini tapıblar. Daha bir nəfər isə itkin düşmüş hesab olunur, hazırda onun axtarışları davam etdirilir.
Qeyd edək ki, "Apple" şirkəti "iPhone 14" modelindən başlayaraq smartfonlara peyk vasitəsilə fövqəladə yardım siqnalı göndərmə funksiyasını əlavə edib. Şirkət bu xidmətdən ödənişsiz istifadə müddətini 2026-cı ilin sonuna qədər uzatdığını açıqlayıb.
