“Azərbaycanlı tələbələr fizioterapiyanın potensialını anlamağa başlayıblar” - Roman Yaqodanın İDMAN.BİZ-ə AÇIQLAMASI

28 Fevral 2026 17:57
155
“Azərbaycanlı tələbələr fizioterapiyanın potensialını anlamağa başlayıblar” - Roman Yaqodanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Son illər tələbələrin fizioterapiya motivasiyası və münasibəti müsbət istiqamətdə dəyişib.

Bunu İdman.Biz-ə açıqlamasında Avstriyanın “Complex Core+” təşkilatının icraçı direktoru, Azərbaycan İdman Akademiyası (AİA) fizioterapiya üzrə təhsil proqramının kuratoru Roman Yaqoda deyib. Onun “Əsaslardan detallara” adlı kitabının təqdimatı bu gün “Baku Book Center”də keçirilib.

“Tələbələr artıq anlayırlar ki, fizioterapevtlər üçün insanlara kömək etmək baxımından geniş imkanlar mövcuddur”, – deyə Yaqoda bildirib.

O, bunu Azərbaycandakı fəaliyyətinin əsas nailiyyətlərindən biri hesab edir.

Mütəxəssis qeyd edib ki, təxminən beş-altı ildir Azərbaycanda fəaliyyət göstərir:

“İlkin mərhələdə AFFA-nın hakimləri ilə işləyirdim. Daha sonra kursların təşkili ilə bağlı AİA ilə əlaqə yaratdım və əməkdaşlıq getdikcə daha intensiv xarakter aldı. Onlar başa düşdülər ki, biz reabilitasiya sahəsində təhsilə real dəstək verə bilərik. Hazırda şirkətim Azərbaycanın cüdo üzrə milli komandasına da dəstək göstərir, digər federasiya və qurumlara da yardım etməyə çalışırıq”.

Yaqoda Azərbaycanda fizioterapiya və reabilitasiya sahəsində inkişafın müşahidə olunduğunu vurğulayıb: “Azərbaycana ilk gəldiyim dövrdə bu sahə hələ də Avropada mövcud olmuş köhnə model üzrə fəaliyyət göstərirdi. Reabilitasiya daha çox həkim praktikasının tərkib hissəsi kimi qəbul olunurdu. Halbuki Avropada fizioterapiya müstəqil və kompleks təhsil sistemidir. Məqsədim yalnız düzgün fizioterapiya təhsilini tətbiq etmək deyil, həm də Avropanın keçdiyi onillik inkişaf mərhələsini təkrarlamadan müasir, aktiv fizioterapiyaya böyük sıçrayış etmək idi”.

Onun sözlərinə görə, irəliləyiş var, lakin potensial daha böyükdür və bunu daha intensiv əməkdaşlıqla reallaşdırmaq mümkündür: “İl ərzində daha tez-tez gələ və keyfiyyət səviyyəsini real şəkildə yüksəldə bilərik”.

Mütəxəssis əlavə edib ki, əvvəllər şirkəti əsasən velosiped idmanı və badminton sahəsində fəaliyyət göstərib, hazırda isə Azərbaycanda əsas diqqət cüdo üzərində cəmlənib. Onlar həmçinin idmançıların Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq prosesində iştirak ediblər.

Yaqoda bildirib ki, Almaniyada 15 ildən artıqdır dərs deyir:

“Mən bütün idman növləri üzrə mütəxəssis deyiləm. Lakin bizi daim tədrisə dəvət etmələrinin səbəbi ondan ibarətdir ki, biz olimpiya məşqçilərinə bədənin konkret idman növünə necə hazırlanmalı olduğunu baza səviyyəsində izah edirik. Bir çox məşqçilər dar baxış bucağına malikdir. Biz isə ümumi mənzərəni göstəririk: məsələn, hündürlüyə tullanan niyə yüksək nəticə göstərə bilmir? Problem texnikada deyil, onurğanın, bud-çanaq oynaqlarının hərəkətliliyində ola bilər. Məhz bu məqamda biz kömək edirik. Bu təhsilə Avropada böyük maraq və müsbət nəticələr var”.

O, hazırda Azərbaycan Güləş Federasiyası ilə danışıqların aparıldığını da açıqlayıb:

“Azərbaycana peşəkar fizioterapevtlərin cəlb olunmasına çalışırıq. Federasiyadan yaxşı idman fizioterapevti ilə bağlı sorğu daxil olub. Bəzən mütəxəssisləri birbaşa özüm tövsiyə edirəm. Əgər proses mənim vasitəmlə həyata keçirilirsə, onların peşəkarlığına əmin oluram”.

İdman.Biz