Bu gün yanvarın 19-dan 20-nə keçən gecə başlayan qanlı hadisədən 36 il keçir.
1990-cı ildə SSRİ-nin rəhbəri Mixail Qorbaçov beynəlxalq hüquq normalarını pozaraq, Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna Sovet İttifaqının qoşun hissələrini yeritməyi əmr edib. Sovet ordusu ağır texnikadan və müxtəlif tipli silahlardan dinc əhalini atəşə tutaraq, onları qətlə yetirib.
19 yanvar tarixində sovet hökumətinin təşkil etdiyi əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılıb. Bunu etməkdə məqsəd Bakı şəhərində fövqəladə vəziyyətin elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumatın çatdırılmaması idi.
Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə Bakıda və respublikanın digər şəhər və rayonlarında 131 nəfər öldürülüb və 744 nəfər yaralanıb.
Bundan əlavə, 841 nəfər həbs edilib, onlardan 112 nəfər isə Sovet İttifaqının müxtəlif şəhərlərində yerləşən həbsxanalara göndərilib. Sovetlər tərəfindən 200 ev və mənzil, 80 nəqliyyat vasitəsi dağıdılıb.
Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, 29 mart 1994-cü ildə onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib.
