Millimizin baş məşqçi postuna daha bir namizədin adı açıqlanıb: “Ölüləri dirildir”

Xəbərlər
10 Sentyabr 2025 18:29
98
Millimizin baş məşqçi postuna daha bir namizədin adı açıqlanıb: “Ölüləri dirildir”

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin İslandiyaya 0:5 hesabı ilə biabırçı məğlubiyyətinin ardınca Fernandu Santuşun istefasından sonra 55 yaşlı Engin Fıratın adı millinin baş məşqçi postuna əsas namizəd olaraq hallandırılır.

İdman.biz-in "Kicker"ə istinadən verdiyi xəbərə görə, Fırat portuqaliyalı çalışdırıcını əvəz edəcək şəxslərin arasında favorit kimi göstərilir.

Türkiyəli mütəxəssisin meneceri Tolqahan Tuğlunun sözlərinə görə, Azərbaycan onun müştərisinə həqiqətən də maraq göstərib.

"Azərbaycandan mənə çoxlu zənglər olub. Bilmirəm, nə dərəcədə rəsmi olublar, amma maraq yüksəkdir. Hələ ki, rəsmi təklif olmayıb. Əgər təklif gəlsə, o zaman təbii ki, razılaşar. Çünki Azərbaycan futbol mədəniyyəti olan qardaş ölkədir", - menecer bildirib.

O, Fıratın Keniya ilə uğurlu fəaliyyətini də qeyd edib, onun Azərbaycan millisi ilə uğurlu nəticələr əldə etməyə qadir olduğunu vurğulayıb.

"O, ölüləri dirildə bilən məşqçidir. Təsəvvür edin ki, o, Azərbaycan millisi ilə nəyə nail ola bilər", - Tuğlu əlavə edib.

Fıratın əsas nailiyyətləri arasında Keniya ilə səkkiz oyunluq məğlubiyyətsizlik seriyası, 2024-cü ildə Malavidə keçirilən beynəlxalq turnirdə qələbə, eləcə də güclü rəqiblərə qarşı uğurlu nəticələr: Onun aktivində Qətər üzərində qələbə, Kot-d'İvuar və Rusiya ilə heç-heçə var. Bu uğurlar onu Azərbaycan milli komandasının məşqçi postuna əsas namizədlərdən birinə çevirir.

Türkiyəli mütəxəssisin son iş yeri Keniya millisi olub. O, 2021-2024-cü illərdə bu Afrika ölkəsinin millisinə rəhbərlik edib. Bundan əvvəl o, Moldova millisinin baş məşqçisi olub (2019-21). Bundan əlavə, 2007-08-ci illərdə Fırat İran millisinə rəhbərlik edib, digər illərdə isə klub səviyyəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisinin baş məşqçi postuna namizəd kimi "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqov və Ukrayna ilə oyunda (1:1) müvəqqəti olaraq komandaya rəhbərlik edən Ayxan Abbasovun adı çəkilib. Bundan əlavə, italiyalı insayder Canluka Di Martsio iddia edir ki, AFFA Canni De Byazinin milliyə qayıtması variantını nəzərdən keçirir.

İdman.biz