Elxan Məmmədov: “Azərbaycanın U-15 yığması çox yaxşı oyun nümayiş etdirir” - MÜSAHİBƏ

29 Oktyabr 2026 15:49
34
Elxan Məmmədov: “Azərbaycanın U-15 yığması çox yaxşı oyun nümayiş etdirir” - MÜSAHİBƏ

“Azərbaycanın U-15 yığması çox yaxşı oyun nümayiş etdirir”.

Bunu FIFA-nın Avropa üzrə regional direktoru vəzifəsində çalışan Elxan Məmmədov report.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalı barədə düşüncələriniz necədir? Bu layihənin reallaşması prosesi necə başladı?

- FIFA U-15 dünya çempionatı və festivalının Bakıda keçirilməsi sevindirici haldır. Bu mundialın keçirilməsi üçün təşəbbüs 2 il öncə FIFA prezidenti Canni İnfantino tərəfindən irəli sürüldü. FIFA-nın İcraiyyə Komitəsi məsələyə təsdiq verdikdən sonra müvafiq şöbələr tərəfindən hazırlıq işlərinə start verildi. Dünya çempionatına ev sahibliyi etmək üçün Bakı seçildi. Və sevindirici haldır ki, tez bir zamanda AFFA tərəfindən Hövsanda bu cür infrastruktur yaradıldı.

- Mundialda 189 ölkənin iştirak etməsi diqqətçəkən göstəricidir. Turnirin miqyasını və əhəmiyyətini necə dəyərləndirirsiniz?

- 189 ölkənin bu yarışda iştirak etməsi böyük idman hadisəsidir. Artıq dünya çempionatı və festivalının başa çatmasına 1 gün qalıb. Bu günə kimi bütün matçlar yüksək səviyyədə təşkil olunub. Biz FIFA olaraq Bakıda keçirilən mundialı olduqca yüksək qiymətləndiririk. Yarış həqiqətən bütün əcnəbi qonaqların ürəyincədir. 211 ölkədən 189-nun burada iştirak etməsi futbol bayramı deməkdir. Biz düşünürdük ki, mundiala 150-dən artıq ölkə qatılsa bu, böyük uğur sayılacaq. Nəzərə almaq lazımdır ki, hazırda yay mövsümü və bir çox yerdə tətil vaxtı deyil. Bununla belə, ölkələr üçün bu turnir böyük maraq kəsb edirdi. Bu məsələdə AFFA-ya təşəkkürümüzü bildiririk ki, yarışın keçirilməsində bizə yüksək səviyyədə dəstək göstərirlər. İndiyə qədər FIFA-nın bayrağı altında bu qədər ölkənin iştirak etdiyi futbol turniri olmayıb. Bu, bir ilkdir. Ümumilikdə 3000-ə yaxın idmançı Bakıdakı mundialda mübarizə aparır. Bu mənada U-15 dünya çempionatı və festivalı FIFA üçün də yeni layihə oldu. Şadıq ki, bu gün müxtəlif futbol federasiyalarının rəhbərləri və tanınmış futbol mütəxəssisləri, əfsanələri Bakıya toplaşıblar. Onlar hər biri bu yarış haqqında müsbət fikirdədirlər.

- Mundialın təşkili ilə bağlı indiyədək FIFA-nın diqqətini çəkən xüsusi məqam olub?

- Biz gündəlik olaraq yerli təşkilat komitəsi ilə işləyirik və əsas odur ki, yarışla bağlı heç bir mənfi məqama rast gəlinmir. Bu işin rəsmi tərəfindən başqa, futbolçular və məşqçilərlə də söhbət edirik. Hər bir vəziyyəti nəzarətə götürmüşük.

- Bakıda mundialla yanaşı, futbolun inkişafına xidmət edən başqa layihələr də həyata keçirilir. Bir az bu barədə danışa bilərsiniz?

- Bildiyiniz kimi, Bakıda tək dünya çempionatının oyunları keçirilmir. İki gün əvvəl dünya şöhrətli mütəxəssis Arsen Vengerin rəhbərliyi altında Azərbaycanda çalışan mütəxəssislərə “ustad dərs”ləri keçirildi. Arsen Venger FIFA-nın əməkdaşıdır və Bakıdakı yarışı yaxından izləyir. Bu gün məktəblərdə futbol proqramı dərsinə start verəcəyik. Bu , FIFA-ya məxsus olan böyük bir proqramdır. Təbii ki, AFFA və Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək layihədir.

- Azərbaycan millisinin U-15 dünya çempionatında çıxışını necə qiymətləndirirsiniz? Bu komandanın potensialı barədə nə düşünürsünüz?

- Azərbaycanın U-15 yığması çox yaxşı oyun nümayiş etdirir. Bu yığma Azərbaycan futbolunun gələcəyidir. Lakin bu, tək Azərbaycan millisinə şamil edilmir. Bu gün meydanda mübarizə aparan bütün yığmalar öz ölkələri üçün gələcək vəd edirlər. Əminəm ki, bu mundial onlar üçün böyük təcrübə olacaq.

- U-15 yığmasında fərqləndirə biləcəyiniz xüsusi futbolçular var?

- Əlbəttə, niyə də yox? Belə futbolçular çoxluq təşkil edir. Yaxşı oyunçulara rast gəlmək mümkündür. Lakin bu, daha çox yığmanın məşqçilərinə ünvanlanacaq sualdır.

- 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatı ilə bağlı hazırlıq işləri nə yerdədir?

- Artıq hazırlıq işlərinə başlamışıq. Bilirsiniz ki, bu da çox böyük mundial olacaq. Bütün işlər öz axarı ilə davam edir.

İdman.Biz
Məqalədə: