Müasir futbolda transferlərin artması və kommersiya maraqlarının güclənməsi futbolçuların bütün karyerasını eyni komandada keçirməsini çətinləşdirir.
İdman.Biz “Football Paradise” nəşrinə istinadən xəbər verir ki, futbol tarixində sədaqət rəmzinə çevrilən Paolo Maldini, Françesko Totti, Rayan Giggz və Karles Puyol kimi oyunçular bu baxımdan xüsusi yer tuturlar.
İtaliyalı Paolo Maldini 1984-2009-cu illərdə yalnız “Milan”ın formasını geyinib. 25 illik karyerası ərzində müxtəlif məşqçilər və futbolçu nəsilləri ilə çalışan müdafiəçi komandanın simvollarından birinə çevrilib. Onun atası Çezare Maldini də vaxtilə “Milan”da çıxış edib.
Françesko Totti isə 1993-2017-ci illərdə “Roma”nın əsas komandasında oynayıb. İtaliyalı futbolçu karyerası ərzində “Real Madrid”ə keçmək imkanı əldə etsə də, doğma şəhərinin komandasına sadiq qalıb.
Uelsli Rayan Giqz 1990-2014-cü illərdə “Mançester Yunayted”də çıxış edib. O, 24 il ərzində müxtəlif nəsillərdən olan futbolçularla eyni meydanı bölüşərək komandanın tarixində xüsusi iz qoyub.
İspaniyalı Karles Puyol da bütün peşəkar karyerasını “Barselona”ya həsr edib. O, 1996-cı ildə komandanın aşağı yaş qrupundan başlayaraq əsas komandaya kimi yüksəlib. Müdafiəçi Kataloniya təmsilçisinin kapitanı və əsas simalarından biri olub.
Nəşr sədaqətin yalnız qazanılan titullarla ölçülmədiyini də vurğulayıb. Buna nümunə kimi 2006-cı ildə İtaliyanın “Yuventus” futbol komandasının B Seriyasına göndərilməsindən sonra yaşanan hadisələr göstərilib.
Həmin vaxt Alessandro Del Pyero, Canluici Buffon, Pavel Nedved, Mauro Kamoranezi və David Trezeqe komandadan ayrılmayıb. Onlar Turin təmsilçisinin yenidən A Seriyasına qayıtmasında mühüm rol oynayıblar.
Məqalədə qeyd olunur ki, müasir futbolda yüksək maaşlar, beynəlxalq transfer imkanları və şəxsi brendlərin inkişafı futbolçuların bir komandada uzun müddət qalmasını çətinləşdirir.
Bununla belə, bütün karyerasını eyni komandada keçirən futbolçular azarkeşlər üçün yalnız idmançı deyil, həm də komandanın tarixinin və kimliyinin ayrılmaz hissəsinə çevrilirlər.
